Cəmiyyət 3 Dekabr 2021, 18:41 | Baxış sayı: 197
"Prezidentin Qarabağdakı idarəetmə metodunun bütün Azərbaycan ərazisində tətbiqinə ehtiyac var".

"Neçə dəfə təklif etmişdik ki, Türkiyə modelindən istifadə edilsin və bələdiyyənin statusu artırılsın".

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a İcra Hakimiyyəti və bələdiyyələrlə bağlı cəmiyyətdə müəyyən fikirlərin olduğunu bildirib.

Onun sözlərinə görə, Prezidentin imzaldığı sərancam idarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac olduğuna işarədir:

“Yəni, rayonlarda İcra hakimiyyəti ilə bələdiyyələr arasında səlahiyyətlərin bölüşdürülməsi, imkanlar və.s müzakirə obyektidir. Çünki bələdiyyənin statusu kifayət qədər aşağıdır. Neçə dəfə təklif etmişdik ki, Türkiyə modelindən istifadə edilsin və bələdiyyənin statusu artırılsın. Bununla da İcra Hakimiyyətlərinin də fəaliyyəti müəyyən qədər məhdudlaşdırıla bilər. Bələdiyyələr seçki ilə təyin oldunduğu üçün əsas iş, bütün məsələlər onlar tərəfindən həyata keçirilsin. Bununla bağlı Milli Məclisə müəyyən müzakirələr gedir, təkliflər səsləndirilir. Təbii ki, bu müzakirələr davam etdiriləcək”.

Deputat bildirib ki, Prezidentin Qarabağdakı idarəetmə metodunun bütün Azərbaycan ərazisində tətbiqinə ehtiyac var:

“Bu idarəetmə orqanında əsas məqsəd əhali ilə işləməkdir. İlk olaraq Qarabağda həyat keçirilən bu metod düşünürəm ki, yaxşı metoddur. Nümayəndəliyin yəqin ki, özünün aparatı olacaq. O aparat fəaliyyət göstərib, bütün məsələləri həll edə bilər.  Amma o yerlərdə bələdiyyə mütləq olmalıdır. Bələdiyyə seçkili orqandır, xalq tərəfindən seçilir. Onların da səlahiyyəti müəyyən olunmalı, əhali ilə əsas onlar işləməlidir”. 

İcra Hakimiyyətlərini nə vaxt ləğv olunacaq?

Milli Məclisin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, yeni model İcra Hakimiyyətlərinin ləğvinə doğru atılan addımdır.

Onun sözlərinə görə ölkədə idarəetmənin təkmilləşməsi prosesi uzun müddətdir ki, davam edir:

“Bir çox orqanların idarə olunmasında bəzi islahatlar aparılıb. Əlbəttə ki, bunu zaman deyəcək. Bu gün icra orqanları bilavasitə ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirən, əsaslandıran, o istiqamətdə bütün məsələləri operativ həll edən orqanlar hesab olunurlar. Rayon ərazisində baş verən bütün hadisələr, məsələlər bu gün icra orqanlarının ixtiyarındadı, onlardan tələb olunur. Tez bir zamanda icra orqanlarını ləğv etmək, düşünürəm ki, hazırda real görünmür. Onun yerinə, hansısa bir alternativ orqan olmalıdır. Hələ yoxdur. Bəzən bunu bələdiyyə adlandırırlar. Bələdiyyələrin də maddi-texniki bazası, kadr potensialı, hadisələrə müdaxiləsi yoxdur. Amma icra orqanlarında savadlı mütəxəssislər var, uzun müddətdir işləyirlər, idarəetmə məktəbi keçiblər. Bu, böyük bir idarəetmə orqanıdır, ona görə də birdən-birə ləğvi real görünmür. Ola bilər ki, bir neçə il keçsin, müəyyən qaydada alternativ bir struktur mövcud olsun, əsaslandırılsın və bundan sonra icra orqanlarının səlahiyyətləri həmin struktura keçsin”.

T.Rzayev qeyd edib ki, cənab prezident bütün dövlət proqramlarında, layihələrində idarəetmənin təkmilləşməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur:

“Ölkə rəhbəri bütün çıxışlarında bunu deyir. Yeni icra başçıları ilə görüşdə də mütləq idarəetmən təkmilləşdirilməli, buradakı kadrların bacarıqlı, daim əhali ilə təmasda olmağı xüsusi vurğulayır. Bu gün elə rayon var ki, onların 250-150 min əhalisi var. Bu qədər insanı razı salmaq çətinidir”, - deyə deputat bildirib. 

Xəbərlər