Siyasət 17 Oktyabr 2022, 15:36 | Baxış sayı: 197
“Prezidentin İlham Əliyevin Astanada keçirilən Zirvə Toplantısında çıxışı yaddaşlarda qalacaq”

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə 20-dən çox Asiya dövlətini özündə birləşdirən nüfuzlu təşkilatdır. Cari ilin 13 oktyabr tarixində təşkilatın Astanada keçirilən 6-cı Zirvə Toplantısında əksər ölkələrin dövlət və hökumət başçılarının qoşulması bu təşkilatın mötəbərliyindən xəbər verir. Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal zamanı Ermənistanın Azərbaycan ərazisində törətdikləri vəhşiliklərdən, müharibədən sonra ermənilərin etdikləri hərbi təxribat, eləcə də dünya siyasətində Azərbaycan dövlətinin mövqeyi haqqında iştirakçılara ətraflı məlumat verdi.  Ölkə başçımızın çıxışı eyni zamanda Azərbaycan torpaqlarının işğalı zamanı, müharibə və postmüharibə dövründə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən dövlətlərə bir cavab mesajı idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

Deputat vurğulayıb ki, nüfuzlu beynəlxalq təşkilatlar 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına göz yumublar: “Halbuki 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnamə qəbul edib. Ermənistan bu qətnamələri icra etməməsi ilə yanaşı yeni əraziləri işğal edəcəyi barədə iddialar irəli sürürdü. 30 ilə yaxın davam edən işğal zamanı ermənilər Azərbaycanın şəhər və kəndlərini viran qoydular. Tarixi, mədəni,  dini abidələrimizi dağıtdılar, təhqir etdilər. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını alaraq əks hücum əməliyyatına başladı və torpaqlarımızı işğaldan azad etdi. Ermənilərin Azərbaycanın mülki əhalisinə və hərbiçilərinə qarşı hərbi cinayət törədib. Birinci Qarabağ müharibəsində indiyədək 3900 yaxın Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. Ermənistan bu insanları işgəncə verərək qətlə yetirib, kütləvi məzarlarda basdırıblar. İşğaldan azad edilmiş kəndlərdə kütləvi məzarlıqlar aşkar edilib. Digər vətəndaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə Ermənistan dəqiq məlumat verməlidir. İşğal dövründə ermənilər bu torpaqlarda 1 milyondan çox mina basdırıblar. Bu gün də Ermənistan hərbi cinayətlərini davam etdirir. Minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə verməməsi səbəbindən bu minaların partlaması nəticəsində 250 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Azərbaycan müharibə bitəndən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə başladı. Artıq “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Keçmiş məcburi köçkünlər öz yurd yerlərinə qayıtmaları prosesi həyata keçirilir. Müharibənin başa çatmasına baxmayaraq, Ermənistan öz revanşist hərəkətlərindən əl çəkmir. Bu ilin sentyabr ayında Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törətdi. Azərbaycan ordusu ermənilərin hərbi təxribatının qarşısını alaraq əks-hücum əməliyyatı həyata keçirdi. Ölkə başçımızın qeyd etdiyi kimi baş vermiş bu hərbi təxribata görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi dağıtmaqlarına, misli görünməmiş vəhşiliklər törətmələrinə baxmayaraq, Azərbaycan dövləti Ermənistana bir-birinin ərazi bütövlüyünün və suverenliyini tanımağa, sülh müqaviləsi imzalamağı təklif edir. Bu bütün dünyaya Azərbaycan dövlətinin, Azərbaycan xalqının nə qədər humanist və sülhsevər olduğunu nümayiş etdirir. İqtisadi cəhətdən güclü bir dövlət olaraq, Azərbaycan öz ərazisində beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına böyük töhfə verir. Azərbaycan Orta Dəhlizin əsas və önəmli hissəsini təşkil edən Zəngəzur dəhlizinin yaradılmasını fəal şəklində dəstəkləyir. Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı dünya ölkələrinin iqtisadi inkişafı üçün çox önəmlidir. Azərbaycan 2019-cu ildən BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzlu artıb. Təşkilatın nüfuzunun daha da dayanıqlı olması və dünya siyasətində söz sahibinə çevrilməsi üçün Azərbaycan böyük səylər göstərir. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və gənclər təşkilatı yaranıb. Üzv dövlətlərin yekdil qərarı ilə Qoşulmama Hərəkatına verdiyi böyük töhfələrə görə Azərbaycanın quruma sədrliyi 2023-cü ilin sonuna qədər uzadılıb. Prezident cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Astanada keçirilən Zirvə Toplantısında da Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti ilə yaddaşlarda qalacaq”.

Xəbərlər