Siyasət 26 May 2023, 15:35 | Baxış sayı: 167
"Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyinin sammitində Paşinyana diplomatik dərs keçdi"

Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin sammitində qonaq qismində iştirak etməsi Ermənistan istisna olmaqla, bu Birliyə üzv ölkələrlə çox yüksək münasibətlərin olmasından irəli gəlir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, Prezident İlham Əliyev üçtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfəri çərçivəsində Avrasiya İqtisadi Birliyinin sammitinə qonaq qismində qatılıb: “Sammitdə ölkə başçımıza böyük hörmətlə yanaşılıb. Ölkə başçımız qonaq kimi iclasda çıxışında Azərbaycanın Ermənistan istisna olmaqla, Birliyə üzv ölkələr ilə ikitərəfli səviyyədə yüksək iqtisadi əməkdaşlıq etdiyini vurğulayıb, keçən il bu ölkələrlə ticarət dövriyyəsində 35% artım olduğunu qeyd edib. Həm də ölkəmizin Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu bildirərək Zəngəzur dəhlizinin açılmasının Avrasiya İqtisadi Birliyinə üzvü ölkələrlə əməkdaşlıqda yeni imkanlar yaradacağını ifadə etdi. Həm də dəniz və hava daşımalarda mövcud imkanlarımız və gələcəkdə bu imkanların daha da artırılması ilə bağlı planlarımız, gəmiqayırma zavodu və beynəlxalq tranzit imkanlarımız haqqında məlumat verdi. Həm də Prezident İlham Əliyev bu gün Azərbaycanın iqtisadi cəhətdən heç kimin dəstəyinə ehtiyacın olmadığını, xarici dövlət borcumuzun ÜDM-in 9%-dən aşağı olduğunu qeyd edərək valyuta ehtiyatlarımızın xarici dövlət borcumuzdan 10 dəfədən çox olduğunu nəzərə çatdırdı. Bu gün dünyada çox az ölkələr var ki, iqtisadiyyatın inkişafı Azərbaycan qədər müsbət göstəricilərlə diqqəti cəlb etsin”.

Deputat qeyd edib ki, iclasda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan yersiz və məntiqsiz polemika açmaqla özünü yenə də gülünc vəziyyətə saldı: “Prezident İlham Əliyev iclasda qonaq qismində iştirak etdiyindən öz çıxışında neytral mövqe nümayiş etdirdiyi halda Paşinyan çox yersiz olaraq guya Laçın dəhlizini bağlamağımızla bağlı məntiqsiz bir məsələni ortaya qoydu. Prezident İlham Əliyev Laçın yolunun bağlı olmadığını qeyd edərək, dəhliz ifadəsinin beynəlxalq termin olduğunu və beynəlxalq marşrutlarla bağlı istifadə olunduğunu bildirərək Paşinyana diplomatik dərs keçmiş oldu. Sonda Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan danışıqlarında ərazi bütövlüyünün tanınmasının fundamental prinsip olduğunu, digər məsələlərin isə ikinci dərəcəli olduğunu qeyd edərək Paşinyanı səsləndirdiyi məsələlərin yersiz olduğunu diqqətə çatdırmış oldu”.

Xəbərlər