İqtisadiyyat 11 Yanvar 2023, 19:07 | Baxış sayı: 508
“Pensiya yaşı 2-3 il azaldılmalıdır”

““Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadın və kişilərin pensiya yaşı bərabərləşdirilir. Bunu doğru saymıram. Pensiya yaşının aşağı salınması ilə bağlı sosial tələb var. Vətəndaşlar tələb irəli sürür, bizə müraciət edirlər ki, bu məsələləri parlamentdə qaldıraq, müəyyən işlər görək, aidiyyatı qurumlarla danışaq. Əslində, biz bunu edirik, amma sözün açığı, bunun qəbul olunmasına bir az inamsızlıq var. İnamsızlıq da ondan irəli gəlir ki, bu məsələlərdə hələ ki hökumətin mövqeyi dəyişməz olaraq qalır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputatın sözlərinə görə, dünyada elə ölkələr var ki, pensiya yaşını 65-dən yuxarı müəyyən ediblər: “Amma bir məsələni bilmək lazımdır ki, həmin ölkələrdə tibbi əlçatanlıq, insanların sağlamlığı, insanlara dövlət tərəfindən göstərilən qayğı, aylıq qazanc yaxşıdır. Ona görə də onların ömürləri daha uzun olur.  Bu baxımdan, onlarda bu, real ola bilər. Bizdə isə insanın pensiya yaşına çatdıqdan sonra aldığı pul heç onun yaşayışına bəs etmir, rahat yaşayışını təmin edə bilmir. Bu baxımdan, özümüzü daha xoşbəxt Avropa ölkələri, Yaponiya, Amerika ilə müqayisə etməyimiz, məncə, doğru yanaşma deyil. Azərbaycanda insanların həyat səviyyəsi o ölkələrdən daha aşağı, tibbi əlçatanlığı daha zəifdir. Ona görə də, bu məsələ sosial sifariş olaraq qalır. Mənim düşüncəm bundan ibarətdir ki, həm kişilərin, həm də qadınların pensiya yaşı ən azı 2-3 il aşağı salınmalıdır. Məsələn, kişilərdə 62-63, qadınlarda isə 60 yaş olsun. Bu, adələtli yanaşma ola bilərdi. Təbii ki, sosial sifariş pensiya yaşının daha aşağı olmasıdır. Gərək reallığı da nəzərə alaq - bütün bu məsələlərdə hökumət nə qədər güzəştə gedə bilər? Arzum budur, məsələ müzakirə olunsun və çıxış yolu tapılsın ki, heç olmasa yaş həddi bir neçə il aşağı salınsın…”

Xəbərlər