Siyasət 25 Aprel 2023, 15:13 | Baxış sayı: 109
"Paşinyan demokratiya dəyərlərinə çox uzaq insandır"

"Ermənistanda anti-Rusiya meyilliliyi kifayət qədər güclənib. Paşinyanı hakimiyyətə gətirən dairələr bunun əvəzində ondan hər zaman addımlar tələb edirlər. Çünki Paşinyanı hakimiyyətə gətirməkdə başlıca məqsəd ondan ibarət idi ki, Ermənistan Paşinyanın əli ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtidadi İttifaqından uzaqlaşdırılsın. Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda KTMT-nin erməni əsilli baş katibi Xaçaturova qarşı cinayət işinə başladıldı. Bununla da, Rusiyaya qarşı bir demarş etmək niyyətində olduğunu göstərmiş oldu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. 

Deputat bildirib ki, bu, Rusiya-Ermənistan münasibətlərinə olduqca mənfi təsir göstərir:

"Hesab edirəm ki, Rusiya Ermənistanın bu cür davranışlarına seyirci mövqeyində qalmayacaq. Çünki Paşinyan artıq daha aşkar şəkildə öz mövqeyini biruzə verməyə başlayıb. Bir müddət öncə də Ermənistan siyasi hakimiyyəti Rusiya hərbi qüvvələrinin Ermənistan ərazisində olmasını, Ermənistanın milli təhlükəsizliyi üçün təhdid adlandırdı və ayrıca olaraq da, Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatının ünvanına da ardıcıl ittihamlar səsləndirildi. 

2020-ci ilin payızında Ermənistan Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatını Azərbaycana qarşı müharibəyə cəlb etmək istəyirdi. Lakin o zaman Rusiya prezidenti Vladimir Putin məsələyə kifayət qədər obyektiv yanaşma sərgilədi. O, bildirdi ki, döyüşlər Ermənistanın ərazisində getmir. Ona görə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı proseslərə qoşula bilməz. Putin bununla da, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha nümayiş etdirdi. Təbii ki, bu, Ermənistanda anti-Rusiya meyilliliyinin gücləndirilməsi istiqamətində istifadə olundu.

Paşinyan onsuz da çox yaxşı bilirdi ki, nə Rusiya, nə də Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana qarşı mövqe sərgiləmiyəcəklər. Bunu bildiyi halda yenə də müraciət edirdi ki, imtina cavabı alsın. Bu imtina cavabı üzərindən də Ermənistan cəmiyyətində anti-Rusiya meyilliliyini formalaşdırsın və gücləndirsin. 

Həmçinin, Ermənistanın Rusiyaya və  Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatına ittihamlar səsləndirməsi üçün əsas yaransın. Bütün bunları Paşinyan sözsüz ki, Qərbin təlimatları əsasında həyata keçirirdi. Qərb Ermənistandan istifadə edərək, bütövlükdə Cənubi Qafqaz regionunda gərginlik yaradır və qarşıdurma mühiti formalaşdırır. Paşinyan Demokratiya Sammitinə dəvət alır, halbuki Ermənistanda demokratiyanın heç bir əlaməti mövcud deyil. Paşinyan da demokratiya dəyərlərinə çox uzaq bir insandır. Çünki, demokratiya dəyərlərinə hörmət edən bir şəxs qonşularına münasibətdə təcavüzkarlıq etməz, terror həyata keçirməz və təbii ki, əmakdaşlığın dəstəklənməsi istiqamətində təşəbbüslərə qoşular. Amma Paşinyan özünün bütün parodaksal mövqeləri ilə dağıdıcı obrazındadır. 

Bu baxımdan hesab edirəm ki, NATO təlimlərində Ermənistanın iştirak etməsi də, elə Qərbin formalaşdırdığı şəraitin bir göstəricisidir. Qərb yenə də Ermənistandan alət kimi istifadə edir və Paşinyan hakimiyyəti də açıq-aşkar anti-Rusiya mövqelərini daha ardıcıl şəkildə sərgiləməkdədir. 

Hesab edirəm ki, bu da son nəticədə Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir. Qərbin bir qayda olaraq tətbiq etdiyi taktika ondan ibarətdir ki, Rusiya ilə bu və ya digər postsovet ölkəsi arasında gərginlik yaradır, özü isə sonradan kənardan bu gərginliyi seyr edir".

Xəbərlər