Siyasət 15 May 2023, 17:00 | Baxış sayı: 98
“Paşinyan Brüssel görüşündə uzaq yola çıxan sürücü pozasını verməklə fərqləndi...”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündəki geyimi ciddi tənqid olunur. Bu adam kreativ görünməyə cəhd etsə də, uzaq yola çıxan sürücü  pozasını verməklə fərqləndi. Amma Paşinyan bununla bütün dünyanın gülüşünə səbəb olduğunun fərqində olmalıdır. Bu fonda Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edilməlidir. Hətta Brüssel görüşünün indiyə qədər keçirilən görüşlərin ən məhsuldarı olduğunu, ən vacib tezislərlə yadda qaldığını söyləyə bilərəm. Birincisi, görüşdə müzakirələr cənab Prezidentin apardığı gündəlik, Azərbaycan tərəfinin təqdim etdiyi tezislər üzərində quruldu. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul etdi. İkincisi, Ermənistan Azərbaycanın təklif etdiyi sülh gündəliyi ilə razılaşdığını söylədi. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin sürətləndirilməsi, tapşırıqların verilməsi məsələsi də gündəlikdə müzakirə olunub. Paşinyan gələcəkdə bu işlərin həll olunması üçün addımlar atılmasının zəruriliyini qeyd etdi. O, artıq yaxın zamanlarda bu prosesin davamlı olmasını və danışıqların bu kontekstdə aparılmasını təsdiqləyib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

“Avropa İttifaqı konkret bildirdi ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər onun geosiyasi marağındadır. Şarl Mişel açıq və konkret qeyd etdi ki, biz iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını, dayanıqlı sülhün əldə edilməsi üçün bütün vacib addımların atılmasını təmin edəcəyik. Mişel tərəfindən Zəngəzur dəhlizinin açılmasının vacibliyinin müzakirə olunması, artıq “keçmiş Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi - bütün bunlar bu gün Azərbaycan tərəfinin təqdim etdiyi beş baza prinsiplərinin, həm də ölkəmiz tərəfindən indiyə qədər təqdim olunan gündəliklərin müzakirə olunduğunu bir daha göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev qalib sərkərdə, həm də qalib diplomat kimi bir daha Brüssel görüşündən ölkəyə əlidolu qayıtdı. Düşünürəm, görüş çox məhsuldar hesab edilməli, gələcəkdə sülhün bərqərar olunması üçün çox önəmli addım sayılmalıdır”, - deputat bildirib.

Xəbərlər