Cəmiyyət 11 Avqust 2021, 17:02 | Baxış sayı: 303
"Parlamenti nüfuzdan salma kampaniyası aparan qruplardan biri də sosial mediada özünü guya yeni qiyafədə müxalifət kimi təqdim edən hay- küyçü gülü burnunda - gülbəsər partiya sədrləri, funksionerləridir".

Musa Quliyev (Urud) Modern.az-da yayımlanan məqaləsində Sahibə Qafarovanın İran İslam Respublikasına səfəri zamanı Prezident Rəisi ilə görüşündə yalnız İran bayrağının qoyulmasını tənqid atəşinə tutanlara münasibətini bildirib:

"Bu görüşlər, görüşlərdə müzakirə edilən ikitərəfli faydalı məsələlər, xüsusi ilə xanım Qafarovanın səsləndirdiyi Qarabağın işğaldan azad edilməsi, yenidənqurma işləri, Xocalı soyqırımının qonşu dövlətin parlamenti tərəfindən tanınması kimi cəsarətli fikirlər elə bil ki, qəsdən pərdə arxasına keçirildi. Şər, böhtan, paxıllıq, qısqanclıq isə sosial şəbəkəlırdə və bəzi KİV - lərdə ardıcıl və sistemli şəkildə körüklənməyə başladı. Diqqəti bilməyərəkdən, yoxsa qəsdən iki məsələnin üzərinə yönəltdilər: Xanım Qafarovanın Prezident Rəisi ilə görüşündə niyə təkcə İran bayrağı qoyulub? Və Azərbaycan Milli Məclisinin xanım sədri niyə islam qaydalarına uyğun geyinmişdir?"

O, həmkarlarının bu suallara yetəri qədər tutarlı cavab verdiyindən bu məsələyə, protokol qaydalarına qayıtmayacağını qeyd edib:"Və təxminən qapanmış bu mövzuya qayıtmaqda məqsədim heç də parlamentar təəssübkeşliyimi sərgiləmək deyil".

"Bu yazıda məni narahat edən bəzi suallara cavab axtarmaq istəyirəm".

O deyir ki, Cənab İbrahim Rəisi öz dövlətləri adından onu təbrik etməyə gəlmiş bir çox ölkələrin, parlament sədrləri və digər spikerlərlə görüşmüşdü.

"Bu görüşlərdə də İran bayrağından başqa heç bir bayraq olmamışdır. Bu ən adi bir protokol qaydasıdır. Ölkənin 1- ci şəxslərinin görüşündə hər iki tərəfin dövlət bayrağı qoyular, digər hallarda isə qəbul edən ölkənin 1- ci şəxsinin arxasında həmin ölkənin dövlət  bayrağı olur. Bərabər ranqlı rəhbər şəxslərin görüşündə isə hər iki ölkənin dövlət bayrağı görüş salonunda yerləşdirilir. Necə ki, hörmətli xanım Qafarovanın İran Parlamentinin sədri ilə görüşündə həm Azərbaycan, hən də İran bayraqları qoyulmuşdu.

Bu ən adi diplomatik protokol qaydalarını bilməyən şəxslərin hay küy salmaqda məqsədləri nə idi? Niyə adekvat izahatlar veriləndən sonra da daha bir neçə gün bu qaragüruh kampaniyası davam etdi? Nadanları demirəm, niyə səhv yazdıqlarını anlaylb susan bir nəfər də olsun KİV nümayəndəsi və sosial şəbəkə iştirakçısı xanım Qafarovadan və ictimaiyyətdən yanlışlıqlarına görə üzür istəmədi?

Nədir Milli Məclisə qarşı bu qərəz? Haradan qaynaqlanır? Milli Məclisi hakimiyyətin digər qolları ilə, xüsusi ilə icra hakimiyyəti orqanları ilə qarşı- qarşıya qoymaq istəyənlərin məqsədi nədir? Təbii ki, ölkədə hakimiyyəti zəiflətmək, ictimai- siyasi ab- havanı bulandırmaq və bulanıq suda balıq tutmaq istəyi.

Kimlərdi cənab Prezidentin tarixi Qarabağ zəfərini həzm edə bilməyənlər?

Xarici havadarlarından, hətta erməni lobbi qruplarından qrant, ianə, " demokratiyaya dəstək" və s.  adlar altında vəsaitlər alıb niyyətlərinə çatmayanda isə quyruğu qapı arasında qalmış oğru pişiklər kimi astananı cırmaqlayanlar?

Bir çoxları məlumdur: 5- ci kalonun nümayəndələri, Əli Kərimlinin və Arif Hacılının təlimatları ilə oturub- duran antimilli qüvvələr və sosial şəbəkələrin zombiləşdirdiyi nadan qaragüruh.

Niyyətləri də məlumdur: parlamenti bütövlükdə, onun ən fəal üzvlərini isə ardıcıl və sistemli şəkildə nüfuzdan salmaq, şər, böhtan , təhqir və qarayaxma ilə onları siyasi meydandan və içtimai platformadan çəkindirmək, parlamentdəki sivil siyasi mübarizə və  müzakirələri meydanlara daşımaqla doxsanıncı illərin gorbagor olmuş xaosunu  diriltmək.

Əgər əvvəlki çağırış parlament haqqında təhqiramiz "lal deputatlar"  ifadəsi ilə Məclisi nüfuzdan salmağa çalışırdılarsa, indi daha çox çıxış edən, təklif verən, tənqid söyləyən deputatları qaragüruhün təhqir və böhtan nişangahında görürük. Lakin bu xainlər və nadanlar biryolluq anlamalıdırlar ki,  biz yolumuzla davam edəcəyik, böhtan və təhqirlər bizi dövlətçilik yolundan döndərə bilməz. Bir də ki, çaqqaldan qorxanın meşədə nə işi var axı?

Əsasən xaricdən mayalanan söyüş ritorikası və böhtan istehsalının əsil niyyətini və mahiyyətini cənab prezident İlham Əliyev  Milli Məclisdəki 10 mart 2020- ci il tarixli çıxışında xalqımıza bildirmişdir:

"Biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir".

Altıncı çağırış Milli Məclis bir çox parametrləri ilə əvvəlki parlamentlərdən xeyli fərqlidir. Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq daha aktiv müzakirələr açılır, demək olar ki, hər plenar iclasda cari məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayrılır, seçicilərin problemləri qaldırılır, Komitələrdə qanun layihələrinin müzakirələri ilə yanaşı, ən aktual problemlərlə bağlı genişləndirilmiş dinləmələr keçirilir.

Milli Məclisin sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətimiz bizə dost və qonşu ölkələrə səfərlər etmiş, beynəlxalq nüfuzlu nümayəndə heyətlərini qəbul etmişdir. Bütün bu görüşlərin ana mövzusu Qarabağ münaqişəsi, Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız 44 günlük Zəfər savaşı olmuşdur. Yaxşı yadımdadır. Ötən il iyulun 15 - də Tovuz döyüşləri zamanı Bakıda spontan keçirilən dəstək aksiyası, sonda qaragüruhun  bu xoş məramlı tədbiri xaosa çevirmək cəhdi və Milli Məclisin binasına soxularaq talançılıq törədilməsi. Hadisədən xəbər tutan kimi Milli Məclisə gəlmişdim. Sahibə xanım və bütün rəhbərlik iş başında idi. İlk işimiz bütün beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə Ermənistanın Azərbaycana yeni işğal cəhdi və bu işğalı pisləmək çağırışı haqqında məktublar hazırlamaq oldu. Cəmi bir gün ərzində 80 ölkə parlamentinə və 30- a yaxın beynəlxalq təşkilata məktublar yazıldı və göndərildi. Həmin günlərdə Sahibə xanım onlarla ölkənin parlament sədri ilə telefonda danışdı. Bütün televiziyalarda, mətbu orqanlarda, elektron KİV- lərdə millət vəkilləri fəal çıxışlar və çağırışlar etdilər. Pandemiya dövrünün karantin şərtlərinə baxmayaraq Milli Məclis sədirnin müavini Adil Əliyev, Tovuzdan olan deputatlarımız Qənirə Paşayeva, Arzu Nağıyev və digər həmkarlarımız döyüş bölgələrində ruhlandırıcı təbliğat işləri apardılar.

44 günlük Zəfər savaşında da Milli Məclis olduqca fəal mövqe nümayiş etdirdi, istər diplomatik kanallarla, istər dostluq qrupları vasitəsi ilə Azərbaycanın haqq işini dünyaya çatdırdı, deputatlar seçicilərinin, şəhid ailələrinin, qazilərin yanında oldular.

Milli Məclis sədri Sahibə xanım Qafarovanın imzası ilə bütün ölkələrin parlament sədrlərinə və beynəlxalq təşkilatların rəhbərlərinə məlumatlandırıcı məktublar göndərildi, qarşılıqlı səfərlər həyata keçirildi".

Deputat həm də, Bu ilin iyulun 27- də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri tərəfindən imzalanmış "Bakı Bəyannaməsi" isə öz tarixi əhəmiyyətinə görə "Şuşa bəyannaməsi"nin məntiqi davamı olmaqla regionda sülhə, əməkdaşlığa və təhlükəsizlik məsələlərinə ciddi tövhə kimi dəyərləndirilməli olduğunu qeyd edib.

"Parlamenti nüfuzdan salma kampaniyası aparan qruplardan biri də sosial mediada özünü guya yeni qiyafədə müxalifət kimi təqdim edən hay- küyçü gülü burnunda - gülbəsər partiya sədrləri, funksionerləridir. Tez- tez - "bu parlament buraxılmalıdır, yeni parlament seçkiləri keçirilməlidir", yaxud "parlamentə seçkilər yalnız proporsional qaydada keçirilməlidir"- kimi  əsassız iddialarla çıxış edərək hamıya məlum problemləri radikal notlar üzərindən yenidən qabartmaqla milli qeyrət dağarcığı olduqları fikrini kütləyə sırımaqla məşğuldurlar.

Biz tənqidə qarşı deyilik, özümüz də tez- tez neqativləri tənqid edirik. Amma tənqid ədalətli, ən əsası da xoş niyyətli olmalıdır, birliyə xidmət etməlidir, dağıtmağa yox!

Bir kiçik, dost iradım da Milli Məclisə akkreditasiya edilmiş, bizimlə daim əməkdaşlıq edən jurnalist dostlarımızadır. Özünüz Allah şahidisiniz ki, altıncı çağırış Milli Məclisin işində nə qədər yeniliklər, pozitiv dəyişikliklər vardır, sizin iş şəraitiniz də yaxşılaşdırılıb, mətbuat üçün ayrıca  müsahibə otağı ayrılıb, Milli Məclislə mətbuat arasında çox işgüzar və etibarlı münasibət formalaşıb. Belə olan halda bir neçə dostlarımız istisna olmaqla, əksər KİV- lərin feyk " bayraq krizi" məsələsində liberallıq göstərməsi dost münasibətin ifadəsi deyildir. Həqiqəti yazmaq, haqqı nahaqqa verməmək hər bir qələm adamının vəzifə və vicdan borcu olmalıdır.

Konstitusiyamıza görə Azərbaycanda dövlət hakimiyyətinin bölgüsü təmin edilmişdir. Obrazlı söyləsək, ölkəmizdə dövlət hakimiyyəti Qanunverici hakimiyyət, İcraedici hakimiyyət və Məhkəmə hakimiyyətindən ibarət sacayağın üzərində təsbit olunmuşdur. Bu ayaqların hamısı eyni ölçüdə və eyni gücdə olmalıdır ki, dövlət möhkəm olsun, inkişaf etsin, qanunçuluq, asayiş və ədalət pozulmasın. Bu hakimiyyət qollarının hər hansı birinin zəiflədiliməsi cəhdləri, bütövlükdə dövlət hakimiyyətinə qarşı qəsd kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycanın Milli Məclisi əhalinin ən əlçatan hakimiyyət qoludur. Rayon icra hakimiyyəti başçısına, nazirə, prokurora, məhkəməyə, bələdiyyəyə aid şikayətlərlə də deputatın qəbuluna gəlirlər. Amma deputat səlahiyyəti daxilində olmayan bu şikayətləri aidiyyatı orqanlara ünvanlamaqdan başqa bir imkana malik deyildir və bu da bir reallıqdır.

Bütün dövlətlərdə və cəmiyyətlərdə vaxtaşırı  maraqların toqquşması hadisəsi baş verir. Bir çox hallarda şəxsi və korporativ maraqlar içtimai maraqlarla uzlaşmır, anlaşılmazlıq,  gərginlik yaranlr. Parlamentlərin qanun yaradıcılığı funksiyası ilə yanaşı bir vəzifəsi də odur ki,  fərdi və sahə maraqlarını içtimai mənafe ilə uzlaşdırsın, umumdövlət, ümumxalq marağına xidmət etməyə yönəltsin. Bu mənada parlament həm də toqquşan maraqlar arasında bir müdafiə yastığı, bufer rolunu oynayır. Və bu bufer nə qədər möhkəm, çevik və elastik olarsa, toqquşub əzilənimiz də az olar!"

Xəbərlər