Cəmiyyət 13 Oktyabr 2022, 13:15 | Baxış sayı: 159
"Özümüzü Avropa ölkələri ilə müqayisə edə bilmərik"

“Birinci dəfə deyil ki, radikal müxalifət əhalinin böyük əksəriyyətinin yoxsul olması ilə bağlı iddialar ortaya atır. Azərbaycan Xalq Cəbhəsi Partiyası və ona həmrəy olan partiyalar hələ 1992-1993-cü illərdən bu günə qədər xalqın yoxsullaşması ilə bağlı olmayan məsələləri ortaya atmaq istəyirlər. Hələ neft müqavilələrinin bağlandığı dönəmlərdə də bu məsələlər ortaya çıxmışdı, indi də davam edir. Biz özümüzü Avropa ölkələri ilə müqayisə edə bilmərik. MDB ölkələrinə baxsaq görərik ki, Azərbaycanda yoxsulluq faizi, demək olar, aşağı səviyyədədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, yoxsulluq dünyanın hər yerində, həmçinin Azərbaycanda var: “Demirəm ki, bizdə yoxsul insanlar yoxdur. Amma bu istiqamətdə dövlətin gördüyü işlər də göz qabağındadır. İş yerlərinin açılması, pensiyaların, müavinətlərin, sosial yardımların artırılması və digər məsələlərlə bağlı proses davam edir. Azərbaycan müharibədən yeni çıxıb. İşğaldan azad edilən torpaqlarımızın bərpası ilə bağlı görülən işlər, 1 milyondan artıq keçmiş məcburi köçkünün yurd yuvalarına qaytarılmaları, onlar üçün yaradılan şərait - bütün bunlar da vəsait tələb edir. Bunu da gizlətmək olmaz. Radikal müxalifət yoxsulluqdan danışırsa, bu məsələlərə də toxunmalıdır. Yoxsulluğu qabartmaq istədiyi üçün görülən işlərə toxunmur. Kənd təsərrüfatı və digər sahələrin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bağlanan müqavilələr, yeni iş yerlərinin artırılması bu sahədə çalışan insanların yaşayışının daha da yaxşılaşdırılmasına gətirib çıxarır. Ona görə də, radikal müxalifətin bu cür yanaşması düzgün deyil”.

Xəbərlər