Cəmiyyət, İqtisadiyyat 3 Noyabr 2021, 20:19 | Baxış sayı: 253
"Ölkəyə hibrid avtomobillərin gətirilməsi zamanı tətbiq edilən verginin ləğv olunması təqdirəlayiq addımdır".

"Ölkəyə hibrid avtomobillərin gətirilməsi zamanı tətbiq edilən verginin ləğv olunması təqdirəlayiq addımdır. Mən və digər həmkarlarım bununla bağlı təkliflərlə dəfələrlə çıxış etmişdik. Sevindirici haldır ki, bu istəyimiz reallaşır. Yenilik nəticəsində, ölkədə hibrid avtomobillərin sayı artacaq və bu da öz növbəsində havanın daha təmiz olmasına zəmin yaradacaq".

Bunu deputat Naqif Həmzəyev Pravda.az-a müsahibəsində deyib.

O bildirib ki, bu addım vətəndaşların büdcəsinə də müəyyən mənada müsbət təsir göstərəcək: "Ümumiyyətlə, Azərbaycan alternativ enerji mənbələrinin və iqlimin çirklənməsinin qarşısını almaq üçün lazımi addımlar atır. Bu prosesin daha sürətli olmasının şahidi olacağıq. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında  da alternativ enerji mənbələrindən istifadə olunacağı planlaşdırılır və həmin ərazilər "yaşıl zona" elan edilib. Bu proses daha sonralar bütün Azərbaycanı əhatə edəcək. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda "ağıllı texnika"lardan istifadə daha da genişlənəcək. Ona görə də hibrid avtomobillərin vergidən azad olunması məsələsi həllini tapdı. Digər sahələrdə də vergidən azadolmalar və vətəndaşların alternativ enerji mənbələrindən istifadəyə təşviq olunması ilə bağlı mütərəqqi qanun və qərarların şahidi olacağıq".

Xəbərlər