Cəmiyyət 14 İyun 2023, 15:11 | Baxış sayı: 216
“Ölkənin imkanlı ailələrində uşaqların sayı daha azdır, imkansız ailələrində isə tərsinədir...”

“Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda hər ailədə 5 uşaq olmasını tövsiyə etdi. Bu, o deməkdir ki, hər bir ölkənin, millətin, dövlətin gücündə onun demoqrafik durumu əsas faktordur, çox böyük amildir. Bu gün hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin əhalisində sürətlə qocalma prosesi gedir. Ermənistan kimi bəzi azsaylı və iqtisadi vəziyyəti ağır olan ölkələrdə yaşayan xalqların qarşıdakı 50 il ərzində itmək, necə deyərlər, “Qırmızı Kitab”a düşmək təhlükəsi var. Bu, mənim fikrim deyil, dünyanın nüfuzlu təşkilatlarının, elmi mərkəzlərin təhlil və araşdırmalarının nəticəsidir. Yeri gəlmişkən qeyd edim ki, BMT-nin Əhali Fondunun internet səhifəsindəki “Dünya Əhalisi 2050” hesabatında dünya əhalisinin demoqrafiya durumu haqqında ətraflı məlumat verilib. Belə olan halda, möhtərəm Ərdoğanın səsləndirdiyi fikirlər təkcə dövlət üçün deyil, bütün xalqımız üçün mesajdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

 

Deputatın sözlərinə görə, demoqrafiya elmi sübüt edir ki, ailələrdə bir uşağın olması, gələcəkdə millətin itməsinə, iki uşaq millətin və xalqın qocalmasına, üç uşaq isə əbədiyaşar, daha da güclü olmasına səbəbdir:

 

“Ölkənin əhalisi həm mənsub olduğu dövlətin iqtisadi gücü, həm də güclü əmək bazardır. Demoqrafiya, əhali artımı dövlət və xalqların milli təhlükəsizlik doktrinasının tərkibidir. Təəssüf ki, bizim ölkəmizdə dövlətimizin çox mükəmməl demoqrafiya siyasəti formalaşsa da, ailə planlaması ilə bağlı təbliğatımız yetərli deyil. Bu, bir gerçəklikdir ki, bu gün ölkənin imkanlı ailələrində uşaqların sayı daha azdır, imkansız ailələrində isə tərsinədir. Mənsub olduğumuz İslam dinində belə ailədə uşaqların sayı ailənin maddi vəziyyətinə uyğun müəyyən edilir”.

 

M.İbrahimqızı Ərdoğanın çağırışı fonunda gündəmə gələn “uşaqpulu” məsələsinə də toxunub:

 

“Bu gün cəmiyyətdə bir qrup var ki, “uşaq pulu”ndan özlərinin çirkin maraqları üçün istifadə edir. Damoqrafik siyasət təkcə uşaqpulu ilə formalaşdırılmır. Hesab edirəm ki, bu məsələdə dövlətlə bərabər hər bir ailə də məsuliyyət daşıyır - xüsusilə iqtisadi vəziyyəti orta və yüksək imkanlı ailələr. Ümidvaram ki, yaxın gələcəkdə “uşaq pulu” problemi də öz həllini tapar”.

Xəbərlər