İqtisadiyyat 21 Fevral 2023, 12:35 | Baxış sayı: 162
"Ölkəmiz qlobal təhlükəsizliyin təmin olunmasına ciddi töhfələr verən ölkədir"

"Azərbaycan müasir mərhələdə qlobal təhlükəsizliyin təmin olunması istiqamətində olduqca aktiv və real töhfə verən azsaylı ölkələrdən biridir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd edib ki, bu gün dünya ölkələri  anlayırlar ki, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində  Azərbaycanla uğurlu əməkdaşlıq mümkündür:

"Bu baxımdan hesab edirəm ki, Münhen Təhlükəsizlik Konfransına Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvət olunması çox məntiqli və gözlənilən idi. Azərbaycan Cənubi Qafqaz regionunda öz iradəsiylə sülh və təhlükəsizlik yaradıcılığı prosesini başlatmış bir ölkədir. 30 il müddətində Avropa strukturları, ayrıca olaraq ATƏT-in Minsk qrupu keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir töhfə verə bilmədilər. Azərbaycan öz gücü ilə 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Bildiyimiz kimi, münaqişə təhlükəsizliyə ən ciddi təhdid yaradan hallardan biridir". 

"Azərbaycan Cənubi Qafqaz regionun faktiki olaraq münaqişədən azad etdi. Bu gün də Azərbaycan sülh gündəliyinin təşəbbüskarıdır və bu da bir daha nümayiş etdirir ki, ölkəmiz regional səviyyə ilə yanaşı, qlobal səviyyədə də təhlükəsizlik təmin olunmasına çox ciddi töhfələr verə bilən ölkədir. Nəzərə almaq lazımdır ki, Avropanı ən çox narahat edən həm də enerji təhlükəsizliyinin təmin olunması məsələsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox yaxından iştirak edən ölkələrdəndir. Enerji mənbələrinin diversifikasiya  olunması, yeni enerji mənbələrinin yaradılması baxımından da Azərbaycan çox perspektivli ölkədir. Azərbaycanın potensialı imkan verir ki, gələcəkdə böyük həcmdə külək və günəş enerjisi istehsal etsin. Bu da bərpa olunan enerji sahəsində də Azərbaycanla əməkdaşlıq imkanlarını genişləndirir. Bütün bunlar Avropa üçün ciddi təhlükəsizlik məsələləridir".

Xəbərlər