Cəmiyyət 22 Aprel 2022, 14:42 | Baxış sayı: 272
“Ölkədə pensiya yaşının azaldılmasının tərəfdarıyam.

“Ölkədə pensiya yaşının azaldılmasının tərəfdarıyam. Xüsusilə qadınların pensiyaya çıxma, eləcə də gündəlik iş saatlarının azaldılmasını vacib hesab edirəm. Fikrimcə, xanımların təqaüdə göndərilməsi üçün ən optimal yaş 55-57 yaşdır. Qadınların iş saatının isə 08:00-dan 18:00-dək endirilməsinin tərəfdarıyam. Çünki qadınların ev işləri kişilərlə müqayisədə olduqca çoxdur, onlar səhər övladını, yoldaşını yola salır, yemək hazırlayır, süfrə açır və s. İş saatı çox olan qadınlar bəzən ev işlərini çatdıra bilmədikləri üçün çətin vəziyyət qalırlar”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, qadınların təqaüdə çıxma yaşı azaldılmalıdır ki, onlar məişət məsələlərinə, ailə-uşağa daha çox vaxt ayıra bilsinlər: “Müəyyən hadisələr, stress, gərginliklə əlaqədar xəstəliklər gəncləşib. Doğrudan da, bir çox qlobal hadisələr, müharibə və münaqişələr də insanların səhhətinə ciddi ziyan vurur. Ona görə də müvafiq yaşdan sonra insanların fiziki qabiliyyəti aşağı düşür. Əmək qabiliyyəti olan şəxs istəsə, 65-70 yaşdan sonra da işləyə bilər. Sadəcə olaraq, qadınlara daha həssas yanaşmaq lazımdır. Onlar çox əziyyət çəkirlər, dünyaya uşaq gətirir, ev işləri ilə məşğul olurlar. Hesab edirəm ki, bəzi gənc ailələrin qısa zamanda ayrılmasının əsas səbəblərindən biri də budur. Bəzən qadın vaxt məhdudiyyəti ucbatından bir sıra işləri icra edə bilmir, övladlarını və ya həyat yoldaşını yola salmaqda çətinlik çəkir. Nəticədə, ailədə yersiz söz-söhbətlər başlayır. Ona görə də qadınlara müəyyən güzəştlər etmək lazımdır, çünki buna dövlətin imkanı da var. Şükürlər olsun ki, müharibə başa çatıb, iqtisadiyyatımız inkişaf edir və maliyyə vəziyyətimiz yaxşılaşır...”

Xəbərlər