Cəmiyyət 28 Fevral 2022, 16:33 | Baxış sayı: 344
"Niyə bizim bəzi vətəndaşlar və jurnalistlər Milli Məclisin deputatlarını ucuzlaşdırırlar?!"

“44 günlük Vətən müharibəsində bizim deputat həmkarlarımdan da orduya könüllü yazılanlar olmuşdu. Hətta bəzi deputatların övladları, yaxın qohumları da döyüşlərə qatılmışdılar. Burada söhbət Vətən torpağından gedir. Vətəninin müdafiəsinə qalxmamaq qəbuledilməzdir. Ukraynada şəhid olan deputat da Vətəni uğrunda canından keçib. Niyə bizim bəzi vətəndaşlar və jurnalistlər Milli Məclisin deputatlarını ucuzlaşdırırlar?! Vətəndaş nə istəyir?! Biz qələbə çalmışıq, torpaqlarımızı işğaldan azad etmişik. Gərək deputat da mütləq şəhid olmalı idi?! Əlbəttə ki, lazım gəlsəydi, biz də müharibəyə gedib Vətənin müdafiəsi uğrunda silaha sarılardıq!”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsində deputatların iştirakına ehtiyac yaranmayıb: “Ukraynadakı vəziyyətlə Azərbaycanı müqayisə etmək olmaz. Biz hələ Vətən müharibəsi dövründə nəinki Milli Məclis adından, hətta Ağsaqqallar Şurası adından da döyüşlərə qatılmaq üçün müraciət etmişdik. Bildirmişdik ki, Vətən müharibəsində iştirak etmək üçün hər bir ağsaqqal hazırdır. Allaha şükürlər olsun ki, Azərbaycan Ordusu güclüdür və onun İlham Əliyev kimi Ali Baş Komandanı var. Biz çox xoşbəxtik ki, İkinci Qarabağ müharibəsində qalib gəldik və ərazi bütövlüyümüzü təmin etdik. Ukrayna xalqı da indi Vətənin müdafiəsinə qalxıb, vuruşub, döyüşüb, qalib gəlməlidir. Hər kəs bilir ki, Rusiya Luqansk və Donetskin müdafiəsi adı altında Xarkova, Kiyevə də qoşun yeridib. Belə olan şəraitdə, əlbəttə ki, bütün Ukrayna xalqı silaha sarılmalıdır. İnşallah, müharibələrin sonunda olduğu kimi Rusiya-Ukrayna savaşı da sülhlə sonlanar. Müharibədə həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Prosesləri ürək ağrısı ilə izləyirik, təəssüf ki, ölənlər arasında dinc sakinlər, uşaqlar və qocalar da var. Bir daha qeyd edirəm, Vətən müharibəsində ehtiyac yaransaydı, bizim deputatlar da cəbhəyə yollanardılar. Düzdür, 70 yaşım var, amma döyüşməyə hazıram, ehtiyatda olan zabitəm. Yaşından asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları torpaqlarımızı qorumağa hər an hazır vəziyyətdədirlər”.

Xəbərlər