Plenar iclaslar 23 Dekabr 2022, 13:46 | Baxış sayı: 132
“Naxçıvandan Bakıya gələn xeyli sayda insanın geri qayıtması üçün müəyyən addımlar atılacaq”

“Prezidentin xüsusi nümayəndələri əsasən işğaldan azad olunmuş ərazilərə təyin olunurdu. Artıq Naxçıvanda da belə bir tədbirin həyata keçirildiyini gördük. Yəqin ki, hər birimiz cənab Prezidentin xüsusi nümayəndə təyin edərkən ona verdiyi tapşırıqları xatırlayırıq. Xüsusi nümayəndənin qarşısında əhali ilə münasibətin düzgün qurulması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması istiqamətində addımların atılması, bu vəzifələrin öhdəsindən gəlmək kimi çox mühüm və vacib vəzifələr müəyyənləşdirilib. Bu, əhəmiyyətli məsələdir. Naxçıvanda əhalinin sosial durumunun yaxşılaşdırılması, tənqidlərin aradan qaldırılması, insanların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində gözləntilər böyükdür…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycanda bir müddətdir, ciddi islahatlar həyata keçirilir, yeni idarəetmə mexanizmləri yaranır: “Naxçıvanda edilən son dəyişikliklər də ümumən Azərbaycanda aparılan dəyişikliklərin tərkib hissəsidir. Müxtəlif səbəblərdən Naxçıvandan Bakıya gələn xeyli sayda insanlarımız var. Həmin insanların geri qayıtması üçün müəyyən addımlar atılacaq. Bu, Naxçıvanda siyasi-sosial duruma öz ciddi müsbət təsirini göstərəcək. Əvvəlki dövrdə Naxçıvanda müəyyən mərkəzdənqaçma hallarını da müşahidə etdik. Artıq vahid idarəçilik sistemi yaradılır. Bütün strukturlar birbaşa Bakıya tabe olacaq və cənab Prezidentin tapşırıqlarını yerinə yetirəcəklər. Nəzərə almalıyıq ki, Naxçıvan bizim üçün çox həssas bölgədir. Naxçıvandan quru sərhədimiz yoxdur. Bir sıra qonşu dövlətlərin Naxçıvanla bağlı zaman-zaman iddiaları, məqsədləri, hədəfləri olub. Bu baxımdan, qarşımızda mühüm vəzifələr var və bu vəzifələri cənab Prezident müəyyənləşdirib. İnanıram ki, Naxçıvana yeni təyin olunan xüsusi nümayəndə onun üçün müəyyənləşdirilən vəzifələri uğurla yerinə yetirəcək. Naxçıvanın daha da inkişaf etdiyinin, sosial durumun yaxşılaşdığının şahidi olacağıq”.

Xəbərlər