Siyasət 13 Yanvar 2023, 16:59 | Baxış sayı: 153
“Naxçıvana quru yolun açılmasından sonra referendum keçirilə bilər”

– Vüqar bəy, bu yaxınlarda 50 yaşınız tamam oldu. Bu münasibətlə Sizi redaksiyamız adından təbrik edir, Sizə can sağlığı, işlərinizdə uğurlar diləyirik. Yubileyinizi necə qeyd etdiniz? Xüsusi hədiyyə gözləntiniz var idimi?

– Öncə minnətdaram. Yubileyi çox sadə formada evdə qohumlarla və dostlarla birlikdə qeyd etdim. Hədiyyəyə gəldikdə isə, belə bir söz var, nəyisə əldə edəndə çox sevinmə ki, itirəndə də kədərlənəsən. Ona görə elə bir gözləntim olmayıb.

“50 yaş qocalıq deyilmiş, hələ dünən…”

– Böyük bir seçici dairəsini təmsil edirsiniz. İnsanlar sizi özlərinə vəkil seçiblər. 50 yaşın tamamında özünüzə həm şəxsi, həm də ümumi planda hesabat verdinizmi?

– 50 yaş insanın geriyə dönüb baxdığı, özünə “nə etdim, nə etmədim, nə etməliyəm” sualını verdiyi bir yaşdır. Deputat cəmiyyətin böyük bir kəsiminin adından danışır, onları təmsil edir. Bu şərəfli bir missiyadır. Əgər bu bizə qismət olubsa, fürsətdən yararlanmaq istəyirəm. Bunun tək komfortunu düşünmək yox, necə faydalı ola biləcəyimi düşünürəm. İnsan dünyada mənliyini, kimliyini ifadə edən addan başqa heç nə qoyub getməyəcək. Ömür çox qısadır. Hələ dünən 1-ci sinifdə oxuduğum yadımdadır və uşaq olanda 50 yaşlı insanı əldən düşmüş qoca sayırdım. İnsan ona bağlı olmayan iki hisslə – keçmişə nostalji, gələcəyə ümid bağlamaqla və olduğu anı hiss etmədən ötürərək yaşayır. Mən çalışıram ki, həyatın hər anını dəyərləndirəm.

“Xarakterimin formalaşmasında idmanın rolu böyükdür”

– Necə oldu ki, idmandan uzaqlaşıb siyasətə gəldiniz?

– Keçmiş idmançı olmur. Siyasətə meyllik isə məndə hələ uşaqlıqdan vardı. Otaqda masa arxasında oturub oyuncaq telefonla müdir obrazına girirdim (gülür. – red). Cizgi filmlərinə baxmaqla, idman etməklə yanaşı, TV-də xəbərləri dinləməyi sevirdim. “Niyyətin hara – mənzilin ora” deyib atalar. Məşğul olduğum Şərq döyüş sənəti insanı kamilləşdirir. Bu bir fələsəfədir və ömür boyu davam edir. Bizim döyüşən ruhumuz da oradan gəlir. Bu Samuray təlimidir, insan məğlub olmaq istəmir və mübariz olur. İdman mənim xarakterimin formalaşmağına da təsir göstərib.

– İdmanla məşğul olduğunuz illərdə qarşılaşdığınız ən böyük haqsızlıq nə olub və siyasətə gəldikdən sonra bu istiqamətdə nələr etmisiniz?

– Dünya yaranandan insan haqqı axtarır, cəmiyyətlər haqq davası edir. Çox təəssüf ki, ədalətsizliklər dünya boyu hökmranlıq edib. Sadəcə olaraq nümunəvi və ədalətli insanlar olur ki, dünya onların çiynində durur. Hamı adam kimi doğulur, amma hamı insan ölə bilmir. Həyatı bədii filmlərdəki, kitablardaki kimi zənn edənlər gerçəklərlə üzləşəndə onunla ayaqlaşa bilmir. Həyatın mənası ikilikdədir: Xeyir və şər, in və yan, qara və ağ, ora -bura və s. Yaxşını görmək üçün pisin də varlığına  ehtiyac var.

– Heç olubmu ki, idmanla bağlı təcrübənizi həyatda istifadə edəsiniz?

– Olub, amma çox az. Döyüş sənətini öyrənməyə belə bir şüarla başlayırsan: “Döyüşməyi öyrəndik, döyüşməmək üçün”. İdmanla məşğul olan insanın buna peşəkar baxışı olur. Döyüş sənətinin fəlsəfəsini, texnikasını öyrənəndə küçə davası adama iyrənc gəlir. Necəki peşəkar musiqiçi bayağı və deletant ifa eşitsə, narahat olduğu kimi

– Hansı sahəni özünüzə daha yaxın bilirsiz: idman, hüquq, yoxsa siyasət?

– İdman mənim tanınmağıma kömək etdi. Yarışlarda iştirak etdiyimə və sonra da məşqçilik fəaliyyətinə görə gec təhsil aldım. Hüquq, iqtisadiyyat və idmançı keçmişim siyasi proseslərdə karıma gəlir.

“Ən çox müraciətlər sosial yardımla bağlıdır”

– Sosial şəbəkədə vaxtaşırı təmsil olunduğunuz bölgəyə – Şəkiyə səfər etdiyinizi gördük. Seçicilərlə görüşlər keçirirsiniz. İnsanların sosial durumu nə yerdədir?

– Seçildiyim gündən ayda azı bir dəfə seçicilərimlə görüşürəm. Seçildiyin yer rəmzi məna daşıyır, çünki qanunverici orqanın üzvüsənsə, sənə ümidlə baxan insanlara xidmət etməlisən. Müraciət edənlər arasında elələri var ki, sadəcə dinlənməyə ehtiyacı var. Ən çox müraciətlər maliyyə ilə, sosial yardımla bağlı olur. İkinci yerdə əlillik dərəcələrinin alınması ilə əlaqədar müraciətlərdir. Onların arasında qazilərimiz də var. Üçüncüsü, məşğulluğa görədir. Təəssüf ki, valideynlərimizin çoxu sovet təfəkkürü ilə övladlarını bu məsələdə düzgün yönəltmir. Əmək bazarının tələblərinə uyğun seçim etmədikləri üçün bu gün əziyyət çəkən kifayət qədər gənc və orta yaşlı insanlar görürük.

“Şəkinin abadlaşdırılmasına üçün böyük maliyyə lazımdır”

Şəki insanı zəhmətkeş insandır. Tarix boyu iyirmidən çox el sənəti burada inkişaf edib. Şəki həm də sənaye şəhəri olub. Təəssüf ki, hazırda ipək şirkəti tam gücü ilə işləmir. Eləcə də ət və süd kombinatları, tütün emalı zavodları işləmir. Əhalinin böyük əksəriyyəti burada çalışıb. İş adamları həmin obyektləri alıb, amma qapısına qıfıl vurublar, işlətmirlər. Bəziləri hətta məlumatsızdır. Onlar dövlətin ayırdığı subsidiyalar və bir çox güzəştlərindən yararlana bilərlər, bura digər yerlərdən investor cəlb etmək olar. Zaman keçir, hər bir insan layiqli yaşamaq istəyir. Bu gün ölkə prezidentinin bütün sahələri əhatə edən islahatlar paketi var. Bu yaxınlarda Şəkidə bir neçə açılışda olduq. Bu istiqamətdə iş adamları ilə görüşlər olmalı, təşviqedici addımlar atılmalıdır.

Şəkidə ən böyük problem su-kanalizasiya sistemi və yol infrastrukturu ilə bağlıdır. Şəhərə Kürdəmir-Yevlax istiqamətindən çox ideal yol çəkildi. Qəbələ-Oğuz-Şəki yolu isə yeni çəkilib və cənab Prezident də açılışını etdi. Amma şəhərin içində 12 ildir ki, su- kanalizasiya sistemi ilə bağlı problem hələ də öz həllini tapmır. Bununla bağlı işlərin yalnız 60 faizi görülüb. Düşünürəm ki, 2023-cü il dönüş ili olacaq. Bu iş bitməli və şəhər yenidən asfaltlanmalıdır. Şəki o regionda mərkəzi şəhərdir. Ərazisi çox böyükdür, təkcə şəhərarası 200 avtobus işləyir. Oranın abadlaşdırılması üçün böyük maliyyə lazımdır. Şəki YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olduğu üçün orada sərbəst icazəsiz nəyinsə tikilməsi və yaxud təmiri mümkün deyil, tarixi hissələrində divara mıxın vurulması üçün uzun proses gedir.

“Qarabağ məsələsində biz gedişə “ağlar”la başlamışıq və irəlidəyik”

– Qarabağda gedən proseslər yaxın  perspektiv ücün nə vəd edir? Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəkmi?

– Bizi Ermənistanla üz-üzə qoysalar, bəlkə də məsələ çoxdan həll olunardı. Bu, uzunmüddətli proseslərdir və münasibətlərin düzəlməməsi üçün o qədər böyük dövlətlər, təşkilatlar və qruplar çalışır ki, hələ buna görə vəziyyət normal sayılmalıdır. Bu qlobal güclərin marağında olan məsələdir. İrimiqyaslı məsələdə ölkənin milli maraqlarını üstün tutaraq uğurlar qazanmaq cənab Prezidentin xalq və dövlət qarşısında böyük xidmətidir ki, biz bunun daha geniş effektini gələcək də daha yaxşı görəcəyik. Cənab, Prezident ölkəmizin gələcək də uğurlu və dayanaqlı inkişafı üçün sayılması mümkün olmayan o qədər uğurlar əldə edib ki, gələcək nəsillər suverən və layiqli bir həyatın indidən qarantiyasına alınmışdırlar. İndi isə proses hələ davam edir və böyük şahmat taxtasında hərə öz gedişini edir. Əsas odur ki, biz “ağlar”la başlamışıq və irəlidəyik. Ermənistan gah Qərbə, gah Rusiyaya meyl etməklə qeyri-stabil siyasət yeridir. KTMT tədbirini sabotaj edir, sonra Avropa və ABŞ-la oyun qurmağa başlayır. Ermənistanın qeyri-stabil siyasəti dünyanı da bezdirib. Bizim Fransadan olan şəxslərlə söhbətimizdə aydın oldu ki, etnik fransızların nifrət etdiyi toplum ermənilərdir, amma onlardan qorxurlar. Görün, nə qədər cəmiyyətə sirayət ediblər. Siyasi eşelonlarda, lobbiçilikdə, maliyyə resurlarında, banklarda mövqe tutaraq əsasən də terror və reketliklə insanları təhdid edən qruplar var. Bu gün  Ermənistan “qulpsuz çemodan” obrazındadır. Daşıya bilmirsən, amma içi doludur, aparmalısan. Çünki Ermənistanın regionda Türkiyə və Azərbaycanı bloklayan missiyası var. Türkiyənin inkişafını yavaşıtmaq üçün onu son ana qədər yaşatmalıdırlar.

2023-cü ildə Azərbaycan çalışacaq ki, Qarabağda Üçtərəfli Bəyannamənin 4-cü bəndinə uyğun olaraq erməni tör-töküntüləri yığışdırılsın. Sülh müqaviləsinin imzalanması üçün yekun işlər görülsün.Cənab, Prezidentin dediyi kimi bütün bunlar bizdın çox Ermənistana lazımdır. Ermənistan rasional yanaşmayacaqsa özü itirəcək. Biz öz inkişafımızdayıq. Bu gün Azərbaycanın həm Ermənistana, həm də Rusiyaya deyiləsi sözü var. Ermənilərin rusofobiya şüarları, 102 saylı Rusiya hərbi bazası önündə aksiyanın keçirilməsi, həmçinin Azərbaycanın artıq sülhməramlılara güvənməməsi – bunu Rusiya da anlayır. Son baş verən hadisələr, bütün bu kontekslərə baxanda Azərbaycan bu gün zərgər dəqiqliyi ilə uzlaşdırılmış xarici siyasət aparır.

2023-cü ildə kifayət qədər önəmli məsələlər həllini tapmalıdır. Ən birincisi, Qarabağda sabitliyin təmin olunmasıdır. 20-25 min insan bir neçə nəfərin girovluğundadır. Onları girovluqdan xilas etmək və oranın abı-havasını təmizləmək, bandit qruplarının tərk-silah olunması bizim tələblərimizin içindədir. Bu tələblərin üzərində hələ çox dayanılacaq, çünki ora bizim suveren ərazimizdir. Biz bununla Rusiya sülhməramlılarını tərbiyələndiririk ki, zəhmət çəkin, missiyanızı həyata keçirin.

 Naxçıvanda aparılan islahatlarda əsas hədəf nədir? Nəticədə “5-ci kolon”un ölkədəki dayaqları məhv ediləcəkmi? Muxtar respublikanın statusu ilə bağlı referendum keçirilə bilərmi?

– Cənab Prezidentin bütün sahələri və regionları əhatə edən islahatlar paketi geniş spektrlidir. Bu, həm də kadr islahatı və illərcə  kök atmış korrupsiyanın məhv edilməsi ilə bağlıdır. 2022-ci ildəki müsahibəmdə də demişdim ki, “heç kim düşünməsin ki, toxunulmazdır”. Dövlətimizə, xalqımıza bir xəta toxunacaqsa, bu pisliyin müəlliflərinin başları əzilməlidir. Söhbət qanunun verdiyi imkanlarla bu qüvvələrin zərərsizləşdirilməsindən gedir. Dövlətin dayaqlarını sarsıtmağa cəhd edənlər mütləq qanunla cəzalandırılmalıdırlar. Hakimiyyətə müxalifət ayrı, dövlətə düşmənçilik başqadır. Azərbaycanda siyasi müxalifət sərbəst fəaliyyət göstərir. Mövzu dövlət və onun maraqlarıdırsa o zaman yüksək həssaslıq lazımdır. Bu siyasəti aparan cənab Prezidentdirsə həmin siyasəti dəstəkləyərək hər birimiz islahatlara dəstək olmalıyıq.

Naxçıvan Azərbaycanın bir hissəsidir. Ora kiminsə diktəsi ilə idarə oluna bilməzdi. Bu diktə yalnız ölkənin  Konstitusiyası, qanunları və xalqın seçdiyi Prezident tərəfindən ola bilər.

Cəmiyyət rəngarəngdir “5-ci kolon” cəmiyyətlərin hər birində mövcud ola bilər. Bir insanı tanımaq üçün ona ya pul ver, ya da vəzifə. Rentgen kimi hər şeyi görəcəksən. Bu iki şey zəif insanda olanda, özü də bilmədən alətə, “5-ci kolon”a çevrilə bilər. Dövlətin müvafiq strukturları içimizdən olan belə insanların düşmənə çevrilib dövlətin dayaqlarını sarsıtmaması üçün onlarla mübarizə aparır. Çalışmalıyıq ki, dövlətin idarəçilik sistemində keçmişi təmiz insanların sayı çoxalsın. Yeni vəzifəyə təyinatlarda bunu görmək olar. Prezident vəzifəyə təyin etdiyi şəxslərə tövsiyələrində deyir, “təmiz işləyin, təvazökar olun, xalqın içində olun, dövlətin verdiyi bu imtiyazlardan doğru və düzgün istifadə edin”.

Naxçıvanın muxtariyyət statusu konstitusiya məsələsidir, elə sadə və asan məsələ deyil. Dünyadakı müasir çağırışlara cavab vermək və onların fövqündə olmağımız üçün çox şey dəyişə bilər. Naxçıvana quru yolun açılması bizə bir çox  vacib regional və qlobal imkanlar verərcək onda Naxçıvanın statusu və mövqeyi daha da möhkəmlənəcək. Digər məsələlər isə xalqın iradəsi əsasında həllini tapacaq.

 

Mənbə: globalinfo.az

Xəbərlər