Cəmiyyət 2 Fevral 2023, 17:57 | Baxış sayı: 137
"Müstəqillik dövrünün gəncləri Azərbaycan xalqına tarixi Qələbəni bəxş etdi"

“Bu gün Azərbaycan gəncliyi, bütövlükdə ölkəmiz 2 Fevral – Azərbaycan Gəncləri Gününü qeyd edir. Ölkəmizdə sistemli gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hələ sovet dövründə rəhbər vəzifələrdə olduğu vaxtlardan Azərbaycan gənclərinin inkişafı, onların problemlərinin həlli, yüksək təhsil almaları, müasir dünyagörüşülü nəslin kimi yetişməsinə misilsiz töhfələr verib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, müstəqilliyimizin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclər məsələsi Heydər Əliyev siyasətinin prioritetini təşkil edib: “1994-cü ildə ayrıca olaraq Gənclər və İdman Nazirliyinin yaradılması göstərirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafında görür. Heydər Əliyevin gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürməsidir. 2 fevral 1996-cı il isə Azərbaycan gəncliyinin həyatında yeni mərhələ oldu. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral – Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur”.

Deputat deyib ki, ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs verib, bu siyasətin davamlı xarakter almasını şərtləndirib: “Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış edib və gənclərə müraciət ünvanlayıb. Ulu öndər gənclərə müraciət edərək deyirdi ki, əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaq. Eyni zamanda vurğulamışdı ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini uğurlar davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin prioritet istiqamətlərindən biridir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.

Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”.

Aqil Məmmədov vurğulayıb ki, müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza zəfər qazandırıb: “Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş ediblər. Prezident haqlı olaraq qeyd edir ki, nə qədər müasir silahlar olsa da, müharibədəki qələbə, Azərbaycan gəncliyinin Vətənə olan sevgisinin, sədaqətinin, həmçinin, hər bir hərbçimizin şəxsi şücaətinin, igidliyinin sayəsində əldə edilib. Bu gün də Azərbaycan gəncləri ölkəmizin daha güclü inkişafı naminə Ulu öndərin siyasətini uğurla davam etdirən Müzəffər Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

Xəbərlər