Ümumi 29 Dekabr 2022, 12:41 | Baxış sayı: 144
“Məsuliyyəti üzərimə götürüb Vasif Talıbov barəsindəki ittihamları səsləndirə bilmərəm”

“Mən də Vasif Talıbov barədə yazılanları mətbuatdan oxuyuram. Bunlar kimlərinsə fikri, versiyasıdır. Nə qədər doğru olub-olmadığı haqda sözü, təbii ki, müvafiq qurumlar deyə bilər. Cənab Prezidentimiz Naxçıvana səlahiyyətli nümayəndə də təyin etdi. Digər qurumlarda da həbslər oldu, yəqin ki, yoxlamalar da davam edəcək. Vasif Talıbovun İranla münasibətlərdə adının hallandırılması kifayət qədər ciddi ittihamdır. Rəsmi mənbədən məlumat olmayandan sonra hər hansı bir şəxs haqqında belə ciddi ittihamlar səsləndirmək böyük məsuliyyətdir, düzgün olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, müvafiq dövlət qurumları, yəqin, araşdırmalar aparacaqlar: “Kimin günahı, kimin kiminlə əlaqəsi var, hamısına aydınlıq gətiriləcək. Ancaq mən bu məsuliyyəti üzərimə götürüb, Vasif Talıbov barəsindəki ittihamları səsləndirə bilmərəm. Rəsmi dövlət mənbələri nə məlumat versələr, ona istinad edib, sözümü deyərəm. Hələ ki rəsmi məlumat yoxdur, yayılan xəbərlər müxtəlif şəxslərin versiyalarıdır. Bunlara istinad edib, hansısa fikir deyə bilmərəm”.

 

Xəbərlər