Siyasət 26 Sentyabr 2023, 16:15 | Baxış sayı: 228
“Mövzu şəhidlərimiz etdikləri olmalıdır, nəinki manipulyativ say məsələsi”

“Düşünürəm ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan səsləndirilən hər hansı bir fikir, irəli atılan hər hansı bir iddia doğru deyil və bu təhlükəsizlik, milli maraqlarımıza xidmət etmir”.

Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu sosial şəbəkələrdə açıqlanan şəhid sayı ilə bağlı rəqəmlər barədə danışarkən deyib.

“Ona görə də mütləq rəsmi açıqlamnı gözləmək lazımdır. Müdafiə Nazirliyi nəyi deyəcəksə, doğru demiş olacaq. Düşünürəm ki, sosial şəbəkələrdə daha çox müzakirə olunmalı olan mövzu Azərbaycanın hər qarış ərazisində onun suveren hüquqlarının bərpa olunması mövzusu olmalıdır. Bu yolda canını, qanını vətən üçün fəda edən rəhmətlə anılmalı, şükranla yad edilməlidir. Bundan kənar hər hansı bir mövzu maraqlarımızın istismarıdır.

Biz əsrə bərabər tarixi bir gün yaşadıq. Yəni 1920-ci ildən qondarma şəkildə yaradılaraq Azərbaycanın düz ürəyinin başına zəhər tuluğu kimi yerləşdirilmiş bir qondarma qurumdan xilas olduq. Oranın relyefini də, orada baş verənləri də, hazırkı hava şəraitini də hamı yaxşı bilir. Ona görə də bu gün rəsmi açıqlama olmadan, orada antiterror tədbirlərinin necə keçirilməsindən məlumatlı olmadan hər hansı bir fikir ifadə etmək doğru olmazdı”.

Millət vəkili Qarabağda keçirilən lokal antiterror tətdbirləri zamanı şəhid sayının çox olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:

“Bu ittihamı irəli sürənlər Azərbaycan ictimai rəyini manipulyasiya edərək əldə etdiyimiz bu mühüm uğura kölgə salmaq istəyirlər. Əlbəttə ki, Azərbaycan xalqının hər bir vətənpərvər fərdi öz vətəninin ərazi bütövlüyü üçün, suveren hüquqlarının bərpası üçün canını fəda etməyə hazırdır. Şübhəsiz ki, bu qədər əhəmiyyətli antiterror tədbirləri zamanı da xalqımızın mərd, vətənsevər övladları bu addımı əyani şəkildə ataraq şəhidlik zirvəsinə ucalıblar. Ona görə də məsələyə bu konteksdə baxmaq daha doğru olardı, nəinki süni şəkildə say artırıb azaltmaqla bu böyük tarixi hadisəni cəmiyyətimizə manipulyativ formada təqdim edib ictimai rəydə çaşqınlıq yaratmaq. Bu, doğru deyil”. 

olke.az

Xəbərlər