Siyasət 23 Fevral 2023, 12:54 | Baxış sayı: 97
“Moskva bəyannaməsi Azərbaycanın strateji maraqlarını müdafiə edir”

"Moskva bəyannaməsinin imzalanması hər iki tərəfin strateji maraqlarına tam cavab verir".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən ilin bu günü Moskvada imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni şərh edərkən deyib. 

"Bəyannaməni Azərbaycan üçün əhəmiyyətli edən əsas amil ondan ibarətdir ki, bu sənədin birinci bəndində qeyd olunur ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyırlar. Bir-birinin daxili işlərinə qarışmamaq siyasətini həyata keçirirlər və güc diliylə danışmaq və təhdid etmək siyasətindən imtina edirlər. Bugünkü dünyamızın nə qədər qəliz olduğu, beynəlxalq hüququn işləmədiyi və faktiki olaraq kollektiv Qərblə Rusiya arasında Ukrayna cəbhəsində çox ciddi bir qarşıdurmanın yarandığı reallıqda belə bir sənədin imzalanması bizim üçün əhəmiyyətlidir. 

Nəzərə alsaq ki, Ermənistan dövlətinin rəhbərliyi ikibaşlı oyun oynayır, Rusiyaya qarşı iddiallarla çıxış edir, Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxmaq, Gümrüdəki  hərbi bazanın ləğvi, Avropa İttifaqının müşahidə missiyasının iki il müddətinə dəvət edilməsi, ona hərbi elementlərin əlavə edilməsi və s. bütün bunlar Moskva-İrəvan münasibətlərinə son dərəcə gərginlik yaradır. Belə olan vəziyyətdə hesab edirəm ki,  Azərbaycan-Rusiya münasibətlərinin yüksək  inkişaf tempinə malik olması Azərbaycan üçün postmüharibə dövrünün həlli gözlənilən məsələlərin tənzimlənməsində əlavə imkanlar pəncərəsi açılır. Hesab edirəm ki, Moskva bəyannaməsi nəticə etibarilə Azərbaycanın strateji maraqlarını müdafiə edir, ölkəmizin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli sənəddir".

Xəbərlər