“Moped sürücüləri üçün hərəkət zolağı, qadağanedici nişan və işıqforun tələblərinə riayət etmək önəmli deyil”
“Moped motorlu nəqliyyat vasitəsi olduğundan mütləq şəkildə dövlət nömrə nişanı ilə təmin olunmalı, moped sürücüsünün isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat təəssüflə bildirib ki, yollarda dövlət nömrə nişanı olmayan mopedlərlə çox tez-tez rastlaşırıq: “Şəhər daxilində baş verən əksər nəqliyyat hadisələrinin əsas səbəbkarları da məhz elə moped sürücüləri olurlar. Moped sürücüləri üçün hərəkət zolağı, qadağanedici nişan və işıqforun tələblərinə riayət etmək önəm deyil. Onlar mopedi xaotik şəkildə, istədikləri kimi idarə etdiklərindən həm öz həyatlarını təhlükə altına atırlar, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradırlar. Təbii ki, bu, yolverlməzdir. Buna görə də hesab edirəm ki, moped sürücülərinə qarşı nəzarət gücləndirilməli, onlar da digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarının pozuntularına görə inzibati məsuliyyətə cəlb olunmalıdırlar”.