“Məni mən edən atam və həyat yoldaşım olub”
“Artıq anam və iki oğlum üçün yaşayıram”
“Elə hesab edirlər ki, deputat bütün problemləri həll etməlidir”
Milli Məclisin deputatı Jalə Əhmədovanın Modern.az-a müsahibəsini təqdim edirik:
– Jalə xanım, Milli Məclisin deputatı olmaq həyatınızda nələri dəyişdirdi? Müsbət və mənfi olaraq qiymətləndirməyinizi istəyərdik.
– Deputat olandan sonra məsuliyyətim birə beş artdı. Çünki həm seçicilərimə, həm də ailəmə diqqət, qayğı göstərməliyəm. Milli Məclisin deputatı olaraq minlərlə insanı parlamentdə təmsil etmək, onları narahat edən məsələlərin həllinə çalışmaq böyük məsuliyyət, həssaslıq tələb edir. Bu səbəbdən ailəmdən, əzizlərimdən, xüsusilə də övladlarımdan bir az uzaq düşmüşəm. Yetəri qədər onlara diqqət ayıra bilmirəm. Əgər deputat olmamışdan əvvəl bütün diqqətim ailəmə, övladlarıma məxsus idisə, indi fərqlidir. Hazırda diqqətimi iki tərəfə – ailəmə və seçicilərimə ayırmışam. Amma bu, mənə şərəf verir. Çünki hər bir vətəndaşın problemini özümünkü sayıram, bacardığımı əsirgəmirəm. Mən yuxarıda qeyd etdiklərimi deputat olmağın mənfi tərəfləri kimi qiymətləndirmək istəmirəm.
Müsbət tərəfi isə budur ki, insan öz potensialından, biliyindən çıxış edərək dövlətinə xidmət edir. Kimlərəsə kömək edirsən, haqlarını, hüquqlarını tələb edə bilirsən. Düşünürəm ki, həyatda insanlara kömək etməkdən gözəl bir şey yoxdur. Bu da təbii ki, anlaya bilənə aiddir.
Digər müsbət tərəfi isə deputat olaraq ölkəmin daxili, xarici siyasətində yaxından iştirak edə bilməyimdir və bu mənim üçün böyük şərəfdir.
– Jalə xanım, deputat olmasaydınız, hansı sahədə uğur qazanacağınızı düşünürsünüz? Ümumiyyətlə, hobbiləriniz varmı?
– Deputat olmamışdan əvvəl mən hüquqşünas olaraq hüquq-mühafizə orqanlarında çalışmışam. Düşünürəm ki, deputat olmasaydım, elə bu istiqamətdə də davam edərdim. Daha yüksək uğurlara, nailiyyətlərə can atacaqdım. Elə deputat olmaq üçün namizədliyimi verməyim də hüquqa olan sevgimdən irəli gəlib. Çünki özümdə məsuliyyəti tərbiyə edən insanam. Ciddiyyəti, məsuliyyəti, nizam-intizamı sevirəm. Xarakterim də uyğundur, yaxşı hüquqşünas və ya hərbçi ola bilərdim.
Hobbiyə gəldikdə isə insan psixologiyasına çox böyük həvəsim var. İnsanlarla ünsiyyət qurmağı, onları kəşf etməyi sevirəm. Ümumiyyətlə, insanlarla ünsiyyət qurmaq məndə çox yaxşı alınır. İnsanları heç vaxt statuslara, kateqoriyalara bölməmişəm. İnsanlara insanlığına, insani xüsusiyyətlərinə görə dəyər verirəm.
– Bir müsahibənizdə “5 ildən sonra deputat olmaya bilərəm” demişdiniz. Hələ də bu fikirdəsiniz?
– Bəli, müsahibəmdə “beş il sonra deputat olmaya bilərəm” demişəm. Təbii ki, növbəti seçkilərdə yenidən deputat olmaq istəyərəm. Amma bunlar mənim istəyimdən asılı olan məsələlər deyil. İnsan çox şeyi istəyə, iddia edə bilər. Düşünürəm ki, insan özünə sual verməlidir ki, iddia etdiyinə haqqın varmı? Hansı istiqamətdə, nə işlər görmüsən ki, bunlara iddialı olasan? Hazırda 10 milyonluq xalqın içində 125 deputatdan biri olmaq böyük şərəfdir. Amma buna qərar verən mən deyiləm, beş ilin tamamında seçicilərim müəyyən edəcək ki, Jalə Əhmədova yenidən deputat seçilsin, ya yox. İnşallah, beş ilin tamamında mən xalqımın qarşısına üzüağ çıxaram.
– Jalə xanım, seçicilərlə çox aktiv işləyən deputatlar arasında ilk sırada gələnlərdənsiniz. Amma plenar iclaslarda daha az çıxış edirsiniz. Siz daha çox problemləri özünüz həll etməyi üstün tutursunuz, yoxsa necə?
– Düşünürəm ki, danışmaq xatirinə danışmaq lazım deyil. Bəli, deputatın işi vətəndaşın mövcud olan problemlərini səsləndirmək və həllinə çalışmaqdır. Lakin mən bu üç ildə problemləri rahat şəkildə həmin qurumlarla, məmurlarla həll etmişəm. Yalan deyə bilmərəm, üç il ərzində problem yaşadığım qurum olmayıb. Müraciət etdiyim məmurlar hər zaman qaldırdığım problemləri həll ediblər, baxılması üçün aidiyyəti qurumlara göndərdiyimiz vətəndaş müraciətlərini, deputat sorğularını vaxtında cavablandırıblar. Hansısa qlobal, çox mühüm bir məsələ olarsa və ya mən bununla bağlı haqsızlıqla üzləşərəmsə, bəli, o zaman həmin məsələni plenar iclasda səsləndirərəm.
Bir də vətəndaşlar çox zaman deyirlər ki, filan deputat susur, danışmır. Amma bir məqamı da unutmamaq lazımdır ki, elə məsələlər olur, biz çıxış edənə qədər həmin məsələni digər deputat həmkarlarımız qaldırırlar. Artıq çıxış xatirinə eyni məsələni səsləndirmək, mənə görə çox mənasızdır. Ona görə də, bu üç ildə mənim parlamentdə çox az sayda çıxışım olub. Amma bu ona dəlalət etmir ki, deyilsin, deputat susursa, deməli iş görmür. Mən bununla qəti şəkildə razı deyiləm. Adlarını çəkmək istəmirəm, parlamentdə elə deputatlar var ki, danışmasalar da çox yaxşı işlər görür, seçici problemlərinə xüsusi diqqət ayırırlar.
Vətəndaşlarımızın əksəriyyəti elə hesab edir ki, deputat bütün problemləri həll etməlidir. Amma bu yanlış fikirdir. “Filankəs deputatdır, nə olsun, biz onun üzünü görməmişik” deyən insanlar bilməlidir ki, deputatın qəbul günləri var, qəbul keçirdiyi bəlli ünvan var. Deputatın köməkçiləri, əlaqə nömrələri var. Vətəndaş istədiyi vaxt onu narahat edən problemlərlə bağlı müraciət edə bilər. Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquq və azadlıqlarını, Azərbaycanın mənafelərini qorumalı, qanunvericilik təşəbbüsü həyata keçirməlidir. Deputat ev tikməli, maşın verməli deyil. Bu kimi hallar deputatın fəaliyyətində nəzərdə tutulmayıb. Deputat nə edirsə, şəxsi istəyindən edir. Deputatın fəaliyyəti qanunvericiliklə məşğul olmaq, problemləri səsləndirməkdir. Deputat problemi həll edən orqan deyil. Deputat problemləri müvafiq qurumlar qarşısında səsləndirə bilər. Üç il ərzində qaldırdığım problemlərin 90 %- i həll olunub, 10 %-i həll olunmayıbsa, bunun da obyektiv səbəbləri var.