Cəmiyyət 27 Aprel 2022, 15:56 | Baxış sayı: 230
“Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır".

“Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram. Ancaq diqqət yetirirəm bəzi profillərə, bunlar təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər. Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır. Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“İnanın ki, elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın. Yəni bölgünü varlı-kasıb üzərindən aparsanız yanlış nəticəyə vararsınız. İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir” – deputat qeyd edib.

Xəbərlər