"Məmur, yüksək vəzifə sahibi tənqid olunan halı aradan qaldırmalı, düzəltməlidir".
“Tənqidi qəbul etməyən məmurların troll dəstəsi var”
Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlama verərkən, Nikita Xruşovun sözünü yada salır:
“Tənqid hamamdakı kisə kimidir. Nə qədər çox tənqid olarsa, sən daha da təmiz olarsan. Bu Xruşovun sözüdür. Tənqid olmasa cəmiyyətdə, dünyada heç nə düzəlməyəcək”.
Deputat məmurların tənqiddən qorxduğunu vurğulayıb:
“Mən bütün haqlı tənqidi qəbul edirəm, oxuyuram. Çoxları bu gün tənqiddən qorxur. Əslində bu sual məncə onlara verilməli idi. Mən heç vaxt tənqiddən çəkinməmişəm, qorxmamışam. Amma haqsız tənqid olanda hirslənirəm. Məmur, yüksək vəzifə sahibi tənqid olunan halı aradan qaldırmalı, düzəltməlidir. Saçı pis görsənirsə, güzgünü vurub qırmalı deyil, saçını düzəltməlidir. Tənqidə qarşı çıxmaq güzgünü vurub qırmaq deməkdir”.
A.Abbas bildirib ki, tənqidi qəbul etməyən məmurların troll dəstəsi var:
“Troll məsələsi bu gün çox ciddidir. İndi hamısının trollu var. Sən istədin, istəmədin o trollar sənə, yazdığın yazıya qarşı çıxacaqlar. Hər yerdə, sosial şəbəkələrdə insanları sənə qarşı yönəldəcəklər. Tərifli yazıları paylaşıb yaymaqla, guya rəhbərlərini işgüzar kimi qələmə verirlər. Cəmiyyətin və dünyanın inkişafı üçün tənqid mütləq və vacibdir”.