Cəmiyyət 22 Dekabr 2021, 17:16 | Baxış sayı: 269
"Məktəblərdə rüşvət halları olsa da, cəmiyyət bunu bir qədər şişirdir".

“İmkanlı şəxslərin məktəblərə yardım etməsi dünya praktikasında var. Amma bu, o demək deyil ki, hansısa ailənin imkanı yaxşıdırsa, övladının oxuduğu məktəbə mütləq yardım etməlidir. Bundan başqa, edilən yardımları da direktor alıb cibinə qoymalı deyil, məsələ şəffaf həll olunmalıdır. Müəyyən işlərin görülməsində könüllü valideynlərin və yaxud da məzunların prosesə töhfə verməsi qəbulediləndir. Təhsil naziri Emin Əmrullayev də məhz bunu nəzərdə tutub”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, məktəblərdə rüşvət halları olsa da, cəmiyyət bunu bir qədər şişirdir: “Ola bilsin ki, rüşvətalma hansısa bayramlarda, xüsusi günlərdə baş versin. Bayramların keçirilməsi, müxtəlif səhnəciklərin qurulması, idman yarışlarının təşkili və s. bu kimi məsələlərdə valideynlər məktəbə kömək edə bilərlər. Burada yüksək məbləğdən yox, 10-15 manatdan söhbət gedir. Bu, başadüşüləndir, lakin məcburiyyətdən söhbət gedə bilməz. Əgər rüşvət alınırsa, bunun başqa adı yoxdur, birbaşa cinayətdir”.

E.Quliyevin dediyinə görə, ola bilər ki, cəmiyyət nazirin fikirlərini qəbul edə bilmir: “Nəzərə almaq lazımdır ki, dövlət onsuz da mərhələli şəkildə bütün məktəblərin təmir-bərpa işlərinə nəzarət edir, yeni məktəblərin tikintisinə maliyyə ayırır. Ona görə də mən cənab nazirin fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, məcburi şəkildə olmaması şərtilə imkanlı ailələrin məktəblərə yardım göstərməsi xoşagələn hal olar. Bizim istəyimiz odur ki, şagirdlər məktəblərdə rahat oxusunlar, yaxşı savadlansınlar. Şagird məktəbdə özünü əsl şagird kimi hiss etməlidir, nədənsə çəkinməməlidirlər. Sovet dövründə məktəbə forma geyinərdik. Bu, şagirdlər arasında fərqliliyin aradan qaldırılmasına şərait yaradırdı. Birinin qolunda qızıl saat, başqasının əlində telefon yox idi. Təlim-tərbiyə məsələsində bunlara da diqqət etmək lazımdır. Uşaqlar 6 yaşına qədər ailədə, daha sonra isə məktəblərdə formalaşırlar. Onların ailəyə və Vətənə münasibəti məktəbdə formalaşır. Bu faktorlar nəzərə alınmalıdır”.

Xəbərlər