Millət vəkili son vaxtlar sosial şəbəkələrdə vətəndaşların peyvənd olunmaqla bağlı saxta sənəd almaları barədə məlumatların yayılmasına münasibət bildirdi.
“Koronavirus infeksiyasına qarşı vaksin 100% zəmanət verməsə də, peyvənd olunmadan xəstələnmə riskinin, xüsusən də yaşlı vətəndaşlar üçün daha yüksək olduğunu anlamalısınız. Yeri gəlmişkən, mən özüm də peyvənd olunmuşam. Ancaq təəssüf ki, bəzi əhali qrupları riskləri düzgün qiymətləndirə bilmir”.
Bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov Caliber.Az-a açıqlamasında bildirib.
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların peyvənd olunmaqla bağlı saxta sənəd almaları barədə məlumatların yayılmasına münasibət bildirən millət vəkili bunun cinayət olduğunu qeyd edib.
“Kimsə saxta sənəd satırsa, bu, həbs cəzasını nəzərdə tutan bir cinayət əməlidir. Əminəm ki, bu kimi faktlar aşkarlanarsa, günahkarları nümayişkaranə şəkildə cəza gözləyir. Belə hallar yalnız tibbi etikanın pozulması deyil, həm də qanun pozuntusudur. Bu əməlləri törədənlər həbs edilməlidir”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl TƏBİB də saxta peyvənd sənədi alınması barədə xəbərlərə münasibət bildirib.
“Hər kəsi bu cür mənfi təcrübədən çəkinməyə çağırırıq. Unutmayaq ki, peyvənd sağlamlığımızı qoruyur və bizi normal həyata qaytarmaq üçün yeganə yoldur. Qeyd etmək lazımdır ki, TƏBİB-in səlahiyyətlərinə yalnız vaksinasiya prosesinin təşkili daxildir. Yuxarıda göstərilən mənfi hallarla qarşılaşdığınız təqdirdə isə hüquq-mühafizə orqanlarına müraciət etməlisiniz”, - deyə qurumdan verilən açıqlamada bildirilib.