"Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsi ilə məşğul olmur?"
"Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik. Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, "Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Daxili İşlər Nazirliyinin hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanırlar. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsi ilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır".