Plenar iclaslar 25 İyun 2021, 17:29 | Baxış sayı: 331
Millət vəkili: "Hər insanın ailə problemi ictimailəşdirilməməlidir".

“Elə ailələr var ki, artıq onların ailə kimi qalması mümkün deyil, münasibətlər tam pozulub. Bu halda məhkəmədən əvvəl mediasiya sessiyalarında məcburi iştirak tələbi nə dərəcədə məqbuldur?”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Aqiyə Naxçıvanlı bildirib.

Mediasiya sessiyasında ödənişləri düzgün saymayan A.Naxçıvanlı yetərli sayda mediatorların olmasını da vacib sayıb: “Burada hüquqşünasdan çox psixoloqlara ehtiyac var, çünki söhbət barışığa nail olunmasından gedir. Yoxsa elə olmasın ki, məhkəmə icraçıları dönüb mediator olsunlar”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deputat Razi Nurullayevin çıxışına reaksiya verib: “Ayrı-ayrı nöqsanları bütün məhkəmə sisteminə şamil etmək olmaz. Razi Nurullayev nöqsanlarla bağlı Məhkəmə-Hüqüq Şurasına yazılı müraciət edə bilər, deputat həmkarımızdan biri də bu Şuranın üzvüdür”.

S. Novruzov mediator üçün təcrübəli insanlara ehtiyac olduğunu qeyd edib: “Vəkillik institutu yaranandan sonra polisdən və digər yerlərdən qovulanlar vəkilliyə üz tutdular. Əgər hazırda ara düzəltmə kimi məsələlər varsa, bu, həmin insanlarla bağlıdır. Yeri gəlmişkən, özünə ailə qura bilməyənlər bu gün TV-lərdə ailə məsələlərinə münasibət bildirirlər. Bu insanlar kimdir ki, kimisə kiminləsə evləndirir, boşandırır? Bəzən hörmətli deputatlarımızı da elə verilişlərdə görürəm. Hər insanın ailə problemi ictimailəşdirilməməlidir. Biz bunun pis nəticəsini də görürük, ailə problemləri artır və insanlar telekanallara üz tutur”.

Birinci vitse-spiker, parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya sessiyasında iştirak üçün 50 manat ödənişin böyük olmadığını qeyd edib: “Pul olmasa, heç kim mediator olmaq istəməyəcək. Digər tərəfdən, sertifikat almış mediatorların içərisində hüquqşünaslardan sonra ikinci yerdə psixoloqlar gəlir. Həm də sertifikat almış mediatorların əksəriyyəti orta yaşlı insanlardır. Bizim qanun Türkiyə təcrübəsinə əsaslanır. Gələcəkdə isə baza qanuna yenidən qayıda bilərik”.

Xəbərlər