Ümumi 17 Mart 2021, 16:33 | Baxış sayı: 260
Millət vəkili Etibar Əliyev hökumətin hesabatına tənqidlərini bildirdi.

"Nəticəsi effektiv olmayan elmi müəssisə və mərkəzlər ya tam ləğv olunmalı, ya profilə uyğun başqa institutlarla birləşdirilməlidir"

"Azərbaycan Prezidenti cənab İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Publik Hüquqi Şəxsin" yaradılması haqqında 6 yanvar 2021-ci il tarixli Fərman imzalayıb. Bu mühüm Fərman XXI əsrin mühüm paradiqmalarından birinin daha dərindən təhlil olunmasına və elmlə təhsilin inteqrasiyasının daha da gücləndirilməsinə şərait yaradacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Nazirlər Kabinetinin  hesabatına münasibətini açıqlayan zaman bildirib.

Deputat sözügedən hesabatda elm və təhsilə dair görülən işlər barədə geniş məlumatın yer aldığına diqqət çəkib: "Hesabatda təhsilin inkişafı ilə bağlı qəbul edilmiş və onun əhatə etdiyi 2020-ci ildə icrası davam etmiş bir sıra hökumət proqramlarının və strategiyalarının adları çəkilir. Lakin sənəddə nəticələrlə bağlı hər hansı qeyd yoxdur. Əslində bu hesabat daha çox nəticə əsaslı hesabat olmalı, konkret kəmiyyət və keyfiyyət indikatorları əsasında hökumətin fəaliyyətinin effektivliyinə və nəticəliliyinə qiymət verməyə imkan yaratmalıdır".

"Müəllimlərin əmək haqlarının 1,8-2 dəfəyədək artırılması üçün mexanizmlər formalaşdırılmalı idi"

Millət vəkili iki konkret nümunə göstərib: "2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi, 2015-ci ildə bu Strategiyanın həyata keçirilməsi məqsədilə Fəaliyyət Planı təsdiqlənib.

Həmin sənədlərdə artıq 2020-ci ilə qədər bir sıra tədbirlərin həyata keçirilməsi, bəzi hədəflərə nail olunması nəzərdə tutulmuşdu. Həmin hədəflərə nailolma səviyyəsi, tədbirlərin icra vəziyyəti barədə bu hesabata konkret faktlar daxil etmək olmazdımı?

Məsələn, 2020-ci ilin sonunadək təhsil müəssisələrində müxtəlif maraq qruplarının iştirakı ilə nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması ilə bağlı konkret mexanizmlər hazır olmalı idi. Yaxud, müəllimlərin illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması üçün mexanizmlər formalaşdırılmalı idi. Bu sahədə hansı addımların atıldığı, yaxud atılmayıbsa, hansı səbəbdən atılmaması ilə bağlı məsələlər Hesabatda əksini tapmalıdır.

Yaxud, Prezidentin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə “Peşə təhsili və təliminin inkişafına dair Yol Xəritəsi” təsdiq olunub. Bu sənəd ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbulu səviyyəsinin 25 faizə çatdırılmasını, pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ay ərzində 50 faizə yüksəldilməsini hədəfləmişdi. Bəs hazırkı dövrə nəticələr necədir? Elmi müəssisələrin akkreditasiyası ilə bağlı Nazirlər Kabinetinin 14 dekabr 2017-ci il tarixli 554 saylı qərarı mövcuddur. Qərara əsasən, elmi müəssisəslərin kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı kimi meyarlar əsasında akkreditasiyadan keçməlidir. Amma meyarlar üçün həddlər necədir? Məsələn, kadr potensialı üçün konkret hansı göstəricilər nəzərdə tutulur, yaxud məqalə sayı nə qədər olmalıdır? Bunlar qeyri-müəyyəndir".

"Elmin maliyyəsi ciddi şəkildə artırılmalıdır"

Etibar Əliyev çıxışında daha sonra bildirib ki, Azərbaycanda elmin inkişafı sahəsində ən ciddi problemlərdən biri son dərəcə məhdud maliyyələşmənin olmasıdır. Deputat xatırladıb ki, iqtisadiyyatda yaranan əlavə dəyərin təxminən 0.2%-i elmə yönəlir: "Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2%-dən az deyil, hətta Cənubi Koreya və İsraildə 4%-ə yaxındır. Əlbəttə, Azərbaycanda elmin mövcud menecmenti qaldıqca, maliyyənin artımı da nəticələrə əhəmiyyətli təsir etməyə bilər. İlk növbədə nəticə əsaslı maliyyələşmə mexanizmi tətbiq edilməli, bundan sonra elmin maliyyəsi ciddi şəkildə artırılmalıdır. 

Nəticə əsaslı maliyyələşmə o deməkdir ki, elmi tədqiqat müəssisələrinin fəaliyyəti effektivlik göstəriciləri əsasında qiymətləndirilməli və bu qiymətləndirmələrdən asılı olaraq onların maliyyələşdirilməsi təmin edilməlidir. Nəticəsi effektiv olmayan elmi müəssisə və mərkəzlər ya tam ləğv olunmalı, ya profilə uyğun başqa institutlarla birləşdirilməsi baş verməlidir. Effektivlik göstəriciləri dünyada qəbul edilən göstəricilərə uyğun olmalıdır. Məsələn, monoqrafiya və elmi məqalələrin sayı, patentlərin sayı, beynəlxalq konfranslarda iştirak və onların təşkilatçılığı, tədqiqat qrantları, yetişdirilən gənc tədqiqatçıların sayı, institutun həyata keçirdiyi tətbiqi layihələrin sayı, araşdırmalara istinadların sayı və s. fərqli nəticələr nümayiş etdirən müəssisələrə differensial maliyyə ayrılmalıdır".

"Biznesin elmə investisiya qoyması üçün təşviq mexanizmləri barədə fikirləşmək lazımdır"

Etibar Əliyev vacib məsələlərdən biri kimi biznesin elmin maliyyələşdirilməsində iştirakının stimullaşdırılması olduğunu göstərib. O, qərb ölkələrində elmin maliyyələşməsində özəl sektorun töhfəsinin 30-70% təşkil etməsini misal çəkib.

Deputat hesab edir ki, Azərbaycanda biznesin elmə investisiya qoyması üçün təşviq mexanizmləri barədə fikirləşmək, biznes assosiasiyaları ilə bu istiqamətdə müzakirələr aparmaq lazımdır: "Adətən dövlət fundamental elmə sərmayə qoyur, lakin tətbiqi tədqiqatlarda universitetlər (sənaye ilə işbirliyi çərçivəsində), özəl sektor daha çox maraqlı olur. Samballı, dünyada qəbul olunan elmi dərgilərin dəstəklənməsi son dərəcə vacibdir".

"Universitetlərin bazasında elmin gücləndirilməsi prioritet olmalıdır"

E. Əliyev bildirib ki, universitet-sənaye iş birliyi çərçivəsində texnoloji mərkəz və institutlarn inkişaf etdirilməsi son dərəcə zəruridir. Millət vəkili qeyd edib ki, dünyada bu işbirliyi ağırlıqlı olaraq sənaye və texnologiya parkları çərçivəsində baş verir: "Azərbaycanda son illər belə park nümunələri artıq yaradılıb. Lakin universitetlərlə onların iş birliyinə dair hansısa bir nümunə da varmı? Onlarda hətta kiçik miqyasda da olsa, elm-tədqiqat adına hansısa fəaliyyət, infrastruktur varmı? Yeri gəlmişkən, dünyada texnoloji parkların, sənaye bölgələrinin fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan əsas indikatorlardan biri də onlarda elmi-araşdırma, təcrübə-konstruktor fəaliyyətinə nə dərəcədə şərait yaradılması, eləcə də bu istiqamətlərə çəkilən xərclər, əldə olunan nəticələrdir".

Etibar Əliyev hesab edir ki, universitetlərin bazasında elmin gücləndirilməsi prioritet olmalı, araşdırma və tədqiqat fəaliyyətləri üçün universitetlərə ayrıca büdcə hazırlanmalıdır: "Elmi məhsulların kommersiyalaşdırılması, nəticələrinin məhsulun yaradıcıları üçün ciddi ölçüdə dəyər gətirməsini təmin edən mexanizmlər olmalıdır. “Elm haqqında” Qanun tədqiqat universitetlərinin yaradılmasını nəzərdə tutur. Məhz bu statusu alan universitetlər hesabına elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası, qabaqcıl elmi tədqiqatlar aparan universitetlərin yaradılması hədəflənib. Hətta 2017-ci ild Nazirlər Kabineti ali təhsil müəssisələrinin “tədqiqat universiteti” statusu alması üçün tələbər də müəyyən edib. Lakin bu təşəbbüsün reallaşması prosesi çox zəifdir. Bu sahədə real potensialın, mümkün maneələrin qiymətləndirilməsinə ehtiyac var".

Millət vəkili çıxışının sonunda mövcud dövrün tələblərlərini nəzərə alıb, təhsil prosesinin rəqəmsallaşma məsələsini daim diqqətdə saxlamağı məqsədəuyğun hesab etdiyini qeyd edib.

Xəbərlər