Siyasət 13 Aprel 2021, 14:42 | Baxış sayı: 414
Millət vəkili: "Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür”.

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 3-cü illiyi haqda danışarkən deyib.

O bildirib ki, növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub:

“Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını ardınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır.

Xalq ona görə öz Prezidentini sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır”.

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındadır:

“Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva etmişdir. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə - COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unikal təşəbbüslə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Cənab Prezidentin bu təşəbbüsü ötən ilin may ayında Nyu Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etmişdir. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağırıla bilər: Birincisi, bunu BMT Təhlükəsizlik Şurası daimi üzvləri tələb etməlidir; ikincisi, BMT Baş Məclisinin mütləq əksər üzvləri bu tələbdə israrlı olmalıdır və nəhayət üçüncü, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksər dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın çağırılması mümkün olur. Azərbaycan Prezidenti cənab İlham Əliyəvin bu təşəbbüsünü BMT Baş Məclisinin 130-dan çox üzvü birmənalı olaraq dəstəkləmişdir. Bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olmuşdur. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoymuş və dünya miqayasında özünü rüsvay etmişdir.

Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsü bir daha təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür”.

Deputatın sözlərinə görə, Prezidnet İlha Əliyev təkcə uzaqgörən siyasətçi deyil, həm də Müzəffər Ali Baş Komandandır:

“Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir.

O qələbə ki, şəhidlərimizin ruhunu şad edmişdir; o qələbə ki, işğal altındakı ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytaramışdır”.

Xəbərlər