“Milli Qurtuluş Gününün mahiyyəti hazırkı qüdrətli Azərbaycandır”
“İnkişaf etmiş, güclü, əzəmətli hər bir dövlətin əsasında lider faktoru dayanır. Məhz həmin şəxslərin müəyyən etdiyi strategiya dövlətin yaranmasından tutmuş inkişafının ən pik nöqtəsinədək təməl rolunu oynayır, dövr nə qədər dəyişsə də, öz mahiyyətini itirmir, bütün müasir çağırışlara cavab verir, xalqının xoşbəxtliyini və dövlətinin qüdrətini təmin edir. Həmin şəxslər geniş düşüncəli, hərtərəfli inkişaf etmiş, xalqının psixologiyasını dərindən bilən, onu böyük məhəbbətlə sevən və arxası ilə aparmağı bacaran insanlardır. Yalnız bu zaman vətən və xalq naminə müəyyən edilmiş hədəflərə çatmaq mümkündür. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev məhz bu keyfiyyətlərə sahib olduğu üçün bu gün şanı-şöhrəti bütün dünyaya yayılmış müasir Azərbaycan dövlətini qura bildi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Ulu Öndər hələ gənc yaşlarında fəaliyyətə başladığı andan milli hisslərlə yaşadı, öz xalqını düşündü, mənalı və şərəfli ömrünü bu yolda xərclədi: “Hazırda 30-cu ildönümünü qeyd etdiyimiz 15 İyun - Milli Qurtuluş Gününə qədər Heydər Əliyev xalqımızın həyatında və tarixində əhəmiyyətli işlər görmüşdü. Vətənini və xalqını azad və xoşbəxt görmək arzusu onun bütün siyasi fəaliyyətinin önündə gəlib. Hətta sovet imperiyasının ən sərt qadağaları belə onu bu istəklərindən uzaqlaşdıra bilməyib. Qeyd edim ki, Təhlükəsizlik Komitəsindəki fəaliyyəti zamanı o, Azərbaycan xalqının milli mənafeyini qorumağa, onun azad düşüncəli oğul və qızlarını əsassız təqiblərdən xilas etməyə çalışıb, milli kimliyin, milli şüurun inkişafının təmin edilməsinə xüsusi əhəmiyyət verib. Onun rəhbərliyi altında Azərbaycan həmişə inkişaf edib, müəyyən olunmuş hədəflərə nail olunub. O, sovet Azərbaycanına rəhbər gələrkən respublikamızdakı vəziyyət hamıya məlumdur. Yalnız aqrar ölkə kimi tanınan Azərbaycan qısa müddət ərzində inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Elə bir sahə yox idi ki, onun diqqətindən kənarda qalsın, o cümlədən də həmkarlar ittifaqları. Təbii ki, həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi uğurları saymaqla qurtara bilmərik. Amma mənim diqqət çəkdiyim əsas məqam həmin dövrdə Ulu Öndərin uzaqgörənliklə Azərbaycanın müstəqillik yoluna tutduğu parlaq çıraq idi. O, tərəddüdsüz əmin idi ki, Azərbaycan xalqı əsarətlə heç vaxt barışmaz, bu xalq mütləq bir gün azad olacaq. Ona görə də Heydər Əliyev xalqının sarsılmaz iradəsinə arxalanaraq ən ağır dönəmdə belə heç nədən çəkinməyərək strateji addımlar atır, Azərbaycanı müstəqilliyə hazırlayırdı”.
“Həmin vaxt Heydər Əliyevin əsas diqqət yetirdiyi sahələrdən biri elm və təhsil idi. O, yaxşı bilirdi ki, cəmiyyət savadlı, bilikli olarsa, mütləq inkişaf edəcək, uğur qazanacaq. Bu səbəbdən Heydər Əliyev 15 mindən çox azərbaycanlı tələbəni SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərdi, yüksəkixtisaslı mütəxəssislər yetişdirdi. Ölkəmiz müstəqillik əldən etdikdən sonra peşəkar mütəxəssis, güclü kadr baxımından çətinliklə üzləşməməsinin səbəbəbi də məhz həmin dövrdə təhsil sahəsinə ayrılan diqqət idi. Ulu Öndər həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı, milli zabit kadrların hazırlanmasına başlanıldı. Sovet dövrünə az-çox bələd olan adam yaxşı anlayır ki, bu həmin vaxt üçün nə qədər cəsarətli addım idi və heç kim belə bir məsuliyyətli işi öhdəsinə götürməyə risk etməzdi. Bunu yalnız xalqının gələcəyini düşünən, həyatını Vətəninə həsr edən Heydər Əliyev kimi dahi edə bilərdi”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev qeyd edib ki, 1990-cı il 20 yanvar hadisələri zamanı Ulu Öndər xalqını tək qoymadı, qadağalara, əngəllərə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, faciənin təşkilatçılarını dünya ictimaiyyət qarşısında ittiham etdi: “Bu, həmin vaxt üçün son dərəcə cəsarətli addım idi. Ulu Öndər bir daha göstərdi ki, o, hər zaman xalqı ilə birlikdədir, onunla həmrəydir, dar gündə də, şad gündə də öz xalqının yanındadır. Heydər Əliyev həmçinin Naxçıvanda yaşayarkən xalqın milli-azadlıq mübarizəsinə istiqamət verirdi. O, 1990-cı ilin iyul ayında Naxçıvanın "Azadlıq" meydanında keçirilən mitinqdə çıxış edərək xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübarizəyə səslədi. Bundan başqa, onun sədrliyi ilə Naxçıvan parlamenti Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərarlar qəbul etdi”.
“Müstəqilliyimizin ilk illəri yaxın tarixdir, yaxşı xatırlayırıq. Dəhşətli mənzərə idi, Azərbaycan oyuncaq dövlətə çevrilmişdi, qanunsuz silahlı dəstələr özbaşınalıq edirdi, xaos, anarxiya hər tərəfi bürümüşdü. Müstəqilliyimizi itirmək və ölkəmizin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdıq. Bir tərəfdən də təcavüzkar Ermənistan dövləti torpaqlarımızı işğal etməkdə davam edirdi. Demək olar ki, xalq dözülməz vəziyyətə düşmüşdü və çıxış yolu axtarırdı. Belə şəraitdə xalqımızın müdrik qərarı Heydər Əliyev oldu. Kamil xalqımız Heydər Əliyevin təcrübəsinə, siyasi bacarığına ürəkdən inanırdı. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi ilə xalqın düşdüyü vəziyyətdən qurtulmasının əsası qoyuldu. Ulu Öndər xalqına arxalanaraq qısa müddətdə Azərbaycanı xilas etdi, xalqımızın arzularını reallaşdırdı. Nəticə isə bugünkü qüdrətli Azərbaycandır: regionun lideri, dünyada söz sahibi olan Azərbaycan. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev dövlətimizi daha da gücləndirdi, müstəqilliyini möhkəmləndirdi, Heydər Əliyevin yarımçıq qalmış işlərini böyük peşəkarlıqla sona çatdırdı. Şərqi Zəngəzur və Qarabağ onun komandanlığı altında Ermənistanın işğalından azad edildi, Azərbaycan qalib dövlətə çevrildi. Bu gün xalqımızın hər bir nümayəndəsi öz Vətənində xoşbəxt və əmin-amanlıq içində yaşayır”, - AHİK sədri əlavə edib.