KOMİTƏ İCLASLARI 23 Fevral 2022, 17:28 | Baxış sayı: 174
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, bugünkü iclasın gündəliyinə “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə  və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihə qazdan istifadə zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Layihənin əvvəlki oxunuşları barədə məlumat verən Sadiq Qurbanov təklif olunan dəyişikliklərin insanların qazdan təhlükəsiz istifadəyə xidmət etməsindən danışıb.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri İltizam Yusifov, Naqif Həmzəyev, Nəsib Məhəməliyev çıxış ediblər. Millət vəkilləri qaz təchizatı və istehlakında məsuliyyətin vacibliyinə diqqət çəkiblər, dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra deputatlar “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Sonra komitə İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərdən keçirib. Layihənin əvvəlki müzakirələri haqqında danışan komitə sədri Sadiq Qurbanov bildirib ki, sənəddə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı təklif olunan cərimələr çəkindirici xarakter daşıyır.

Sənədlə bağlı deputat Kamal Cəfərov, Fatma Yıldırım çıxış ediblər. Bildirilib ki, dəyişikliklər qaz təchizatında və istehlakında təhlükəsizlik qaydalarına əməl olunma ilə bağlı məsuliyyətin artırılmasına yönəlib. Əsas məqsəd insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında aradan qaldırılmasıdır.

İclasın sonunda İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Onlayn iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Afət Həsənova, Anar Məmmədov, Məşhur Məmmədov, Əliabbas Salahzadə və Mixail Zabelin iştirak ediblər.

Xəbərlər