Siyasət 2 Avqust 2021, 18:02 | Baxış sayı: 293
Milli Məclisin deputatları Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramındakı çıxışına münasibət bildirib

"Jirinovski, bir siyasətçinin  dediyi kimi, "beynində tarakan dolaşan" şəxsdir. Hər dəfə o həşəratlar tərpənməyə başlayanda sərsəm bəyanatlar verir. Onun verdiyi son açıqlamaya mütləq şəkildə reaksiya verilməlidir.  Bildiyimiz kimi, Jirinovski "Velikorus şovnizmi"nin təbliğatçısı, bu ideologiyanı sərsəm fikirlərlə yayan şəxsdir. Hansı ideologiyanın daşıyıcısı olursa olsun, ona heç kim ixtiyar verməyib ki, müstəqil ölkənin rəhbəri  haqqında sərsəm fikirlər səsləndirsin. Ona məsləhət görərdim ki, Rusiyanın daxilində olan problemlərlə məşğul olsun".

Bunu Xeberle.com-a açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Komsomolskaya Pravda”ya müsahibəsi haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

M. Məmmədli Jirinovskiyə qonşu dövlətlərə, zəngin dövlətçilik ənənəsi olmuş xalqlara yuxarıdan aşağı baxmaq kimi düşüncələrindən azad olmağı tövsiyə edib: "Jirinovski deyəsən tarixdən, Azərbaycanın hansı tarixi, siyasi sınaqlardan keçdiyindən, dünyaya hansı töhfələr verdiyindən, ölkəmizin yetişdirdiyi dahi şəxsiyyətlərdən bixəbərdir. Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin sayəsində böyük inkişaf yolu keçdi. Onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məhz bu yolu uğurla davam etdirərək düzgün strategiya və uğurlu taktiki addımlar  nəticəsində ölkəmizin dünya dövlətləri sırasında mövqeyini yüksəltdi, yeni dövlət modelini dünyaya tanıtdı.  Xalqımız öz doğru seçimini etmişdir. Onun Dəmir Yumruqlu lideri var. Xalqımız öz liderinin ətrafında vahid milli ideya uğrunda sıx birləşmişdir. Dövlətimiz əleyhinə fəaliyyət göstərən istənilən xarici və ya daxili qüvvəyə layiqli cavab vermək iqtidarındayıq. Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır".

Deputat Jalə Əliyeva isə belə fikir bildirib: 

"Hər zaman Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar qərəzi, nifrəti ilə “seçilən” başabəla, buqələmun və xəstə təxəyüllü “siyasətçilər”dən olan Vladimir Jirinovski necə deyərlər, yenə də ağzını Allah yoluna qoyub, ağlına gələni danışıb.

Yenə də Azərbaycana, ölkə rəhbərliyinə qarşı sərsəm, böhtan və iftira dolu “ittihamlar” səsləndirib, kin, qəzəb, şər-şəbədə püskürüb.

Cəmi bir neçə il öncə Azərbaycana gələn, ölkəmiz, xalqımız haqqında fikirlərini 180 dərəcə bucaq altında dəyişərək, müsbət fikirlər səsləndirən, ağızdolusu təriflər yağdıran bu zat yenə də öz əvvəlki ampluasına qayıdıb, yenə də dirijor çubuğu ilə hərəkət edərək, yenə də “pul havası”na oynayaraq, əsl çirkli və çirkin mahiyyətini ortaya qoyub.

Bəli, indiyə qədər ölkəmiz haqqında Jirinovski kimi sərsəm, böhtan dolu fikirlər, cəfəngiyyatlar səsləndirənlər az olmayıb, amma onların bir çoxu Azərbaycanla yaxından tanış olduqdan, burada yaşananları, Azərbaycan reallıqlarını öz gözləri ilə gördükdən sonra peşman olduqlarını, səhv düşündüklərini bu və ya digər dərəcədə etiraf ediblər.

Jirinovskinin də səhvlərindən, yanlışlarından döndüyünü, xəstə təxəyyüldən qurtulduğunu, uzaqlaşdığını zənn edirdik, amma görünür ki, səhv etmişik. Bu adam kökündən, təməlindən xəstə düşüncəli, xəstə ruhludur və onun müalicəsi yoxdur, mümkün deyil.

Bəli, bəlkə də onun sərsəmləmələrinə, iftiralarına cavab, reaksiya verməmək, onu şərəfləndirməmək olardı. Amma elə məqamlar və nüanslar var ki, bu sərsəmləmələrin, bu iftiraların mütləq şəkildə cavabı verilməli, onlar beşiyindəcə boğulmalıdır. Çünki cavab verilmədikcə, reaksiya göstərilmədikcə, həyasızlıq, böhtan, yalan, iftira daha da baş alıb gedir və nəticədə də ağrılı bir prosesə çevrilir. Belələri daha da ağzınlaşırlar.

Bu adam və onun kimilər heç də hər zaman öz fikirlərini səsləndirmir, öz xəstə təxəyyülünün, xəstə ruhunun “məhsulları”nı ortaya qoymur, mütləq şəkildə onu, onları ortaya atanların, onu, onları ortalığa itələyənlərin, onun, onların əli ilə “bulanıq suda balıq tutmaq” arzusunda olanların, antiAzərbaycan ermənipərəst qüvvələrin, Şimal qonşumuzla gündən-günə yaxınlaşan, istiləşən münasibətlərimizin pozulmasını, gərginlik yaranması və yaşanmasını istəyən dairələrin sözünü deyir, oyununu oynayır, oynayırlar.

Yəni, onun və onun kimilətin kəndiri, açarı başqalarının əlindədir, istədikləri vaxt onu, onları hərəkətə gətirir və öz çirkin məqsədlərini reallaşdırmaq istəyirlər. Vladimir Jirinovski isə belə “məsələlər”də çox “mahir”dir, heç bir hədd, sədd, dəyər, ölçü, mizan, əndazə tanımır. Amma Jirinovski də, onu ortaya dığırlayanlar da bilsinlər, məşhur atalar məsəlində deyildiyi kimi, artıq “karvan keçər” məsələsidir.

Bu günə kimi istədiklərinə, çirkli və çirkin məqsıdlərinə nail ola bilmədikləri kimi, bundan sonra heç nəyə nail ola bilməyəcəklər.

Dəyirman öz işindədir, sadəcə, çax-çax baş ağrıdacaq, necə ki, indiyə kimi belə olub, bundan sonra da belə olacaq.

Jirinovskilər əllərdə əzilmiş, kirlənmiş kartlardan savayı heç nəyə yaramayacaqlar.

Biz belələrini çox görmüşük, çox görürük, bəlkə hələ çox görəcəyik,

Qələbələrimiz, Zəfərlərimiz artdıqca. Qoy Qələbələr, Zəfərlər bizim, acı məğlubiyyətlər, miskinliklər, rəzilliklər Jirinovski və onun kimilərin qədəri, taleyi olsun!

Fatma Yıldırım da APA-ya açıqlamasında deyib ki,

“Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycana qarşı mövqeyi, ölkəmiz haqqında səsləndirdiyi fikirlər Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Bu gün Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirildiyi halda, Vladimir Jirinovskinin davranışları hazırkı Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıyır”.

Deputat deyib ki, V. Jirinovski Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində bir sıra ölkələr, o cümlədən Azərbaycanla bağlı qərəzli mövqeyini ortaya qoyaraq siyasətçiyə yaraşmayan fikirlər səsləndirib: “Onun fikirləri siyasətçidən daha çox təxribatçı, avantüristin mövqeyidir. Biz dəfələrlə Rusiya liberal-demokratlarının rəhbərinin Azərbaycanla yanaşı, Türkiyənin haqqında da qəbuledilməz fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Budəfəki müsahibəsində də o, eyni mövqe sərgiləyib. Hətta digər slavyan xalqlarına qarşı da şovinist mövqe ortaya qoyub. Bütün bunlar Jirinovskinin imperialist stereotiplərinin göstəricisidir. O, müsahibəsində dəfələrlə keçmiş rus imperiyasını xatırladır. Amma unudur ki, keçmiş keçmişdə qalıb. Tarixin təkərini geri döndərmək onun üçün yalnız xəyal ola bilər”.

F. Yıldırım Azərbaycan cəmiyyətinin Jirinovskini işğalçı Ermənistanın fəal təəssübkeşi kimi də yaxşı tanıdığını qeyd edib: “Yəqin İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması, torpaqlarımızın erməni işğalından azad olunması bu rus “siyasətçisini” ciddi narahat edir. Bu səbəbdən də Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-ciddi proqnozlar verir. Siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bütün bunların fonunda Jirinovskinin ölkəmizlə bağlı “proqnozu” yalnız “siyasi sayıqlamalar” kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, V.Jirinovski Rusiya cəmiyyətində bu ölkənin siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən Rusiya siyasətinin ən məşhur şoumeni adını alıb. Belə olan təqdirdə, belə bir şəxsin hər hansı fikri ciddiyə alınmamalıdır”.

Sahib Alıyev öz sosial media hesabında yazıb:

"Jirinovski Alqayıt Vəliyevdir"

"Bəli, Jirinovski çoxüzlü, bu gün dediyini sabah danan, pula düşkün və sözün hər anlamında düşük biridir. Amma və lakin Rusiyada Azərbaycana, azərbaycanlılara yanaşmada Jirinovski sayaq davranan şəxslər də yox, qurumlar var. Məsələn, Aleksandr Bastrıkinin rəhbərlik etdiyi Rusiya Federal İstintaq Komitəsi. Onun bu yaxınlarda azərbaycanlı gənci vəhşicəsinə qətlə yetirən yol polis əməkdaşını necə həbsdən açıb buraxdığını yəqin unutmamısınız. Yəqin onu da unutmamısınız ki, siyasətçi olaraq təlxək rolu oynamaq tapşırılan polkovnik Jirinovski o vaxt da İstintaq Komitəsi rəhbərinin hərəkətinə haqq qazandırmış, soydaşlarımız haqda rasist fikirlər səsləndirmişdi.

İndi də oxuyuram ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Alqayıt Vəliyev deyilən və hara işlədiyi anındaca hiss olunan bir "azərbaycanlı"nın şikayəti əsasında Çelyabinskdəki Cümə Məscidinin imam köməkçisi Rinat Yaminyevi məhkəməyə verib. Səbəb bilirsiniz nə imiş? Rinat Yaminyev sosial şəbəkədə Ağdam Məscidində hayların donuz saxlamaları haqda cənab İlham Əliyevin açıqlamasını, bir də cənab Ərdoğanın Makronun islamafob davranışını tənqid edən fikirlərini paylaşıbmış.

İndi imam köməkçisinə qarşı, "nifrət və ya düşmənçilik aşıladığına görə" iş qaldırılıb. Həmən Federal Təhlükəsizlik Xidmətinin ekspert qismində cəlb etdiyi biri bu paylaşmaların guya islam fundamentalizminə yol açdığını, haylara nifrət formalaşdırdığını, müsəlmanların xristianlardan üstün olduğunu təbliğ etdiyini bildirib. Və əlavə edib ki, bu, Çelyabinskdəki müsəlmanlar üçün "Dağlıq Qarabağ münaqişəsini aktuallaşdırır".

Guya Federal Təhlükəsizlik Xidmətinə ərizə yazdığı bildirilən, əslində isə adından ərizə yazılan Alqayıt Vəliyev isə görün nədən narazıdır:" Sözü gedən informasiya mənim dini hisslərimə toxundu və məscidlə o cür davrandıqlarına görə haylara qarşı mənfi emosiya yaratdı. Bununla yanaşı sağlam düşüncəli biri olaraq anlayıram ki, .....haylar xristian olduqlarından məscid onlar üçün adi tikilidir və onlar bunun kiminsə dini hissinə toxunacağının fərqinə varmadan orada nə istəsən yerləşdirə bilərlər".

Alçaqlığı, riyakarlığı və məkri yəqin görürsünüz. Məscidində donuz saxlanılan bir "azərbaycanlı" bu haqda informasiya paylaşan çox güman ki, başqırd Rinat Yaminyevi məhkəməyə verir ki, niyə sən məndə haylara qarşı nifrət oyatmağa çalışırsan.

Bütün bu yaramaz oyunun arxasında nə gizləndiyi isə aydındır. Bununla Rusiyadakı tatarlara, başqırdlara və digər türk toplumu təmsilçilərinə göstərilir ki, baxın, azərbaycanlıların təəssübünü çəkirsiniz, onların təmsilçisi isə buna görə sizi məhkəməyə verir.

Bu oyun həm də onu oynayanların zəif tərəflərini, nədən oddan qorxan kimi çəkindiklərini də üzə çıxarır ki, o da türk həmrəyliyidir.

Bir sözlə, Jirinovski heç də öz oyununu oynamır, Alqayıt Vəliyev kimi oynadılır. Biz toplum və fərd olaraq ayıq davranmalı, Azərbaycanın qazandığı qələbəni həzm etmək istəməyən açıq və gizli düşmənlərin bütün məkrlərinə rəğmən dövlətimizi göz bəbəyi kimi qorumalı, Müzəffər Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməliyik".

İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib:

"Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski heç vaxt siyasətdə ciddi fiqur kimi qəbul olunmur. Hər zaman ziddiyyətli, absurd bəyanatlarla çıxış edən, təhqir və böhtandan çəkinməyən Vladimir Volfoviç hətta iştirak etdiyi siyasi tok-şoularda belə gülüş obyektinə çevrilir, aparıcı və digər qonaqlar tərəfindən sözün həqiqi mənasında ələ salınır. Təsadüfi deyil ki, Rusiya Prezidentinin onun aqressiv bəyanatlarına münasibət bildirərkən “gözəl alovlanır”  söyləməsi Jirinovskinin siyasətçidən daha çox, şoumen və təlxək kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Onun səsləndirdiyi bəyanatlar elə öz ölkəsində hər zaman 1 aprel zarafafı kimi qəbul olunur. Aqressiyası və şovinist mövqeyilə liberallıqdan, ədəbsiz davranışları, “neqativ azadlığı” ilə demokratiyadan uzaq olan 75 yaşlı qoca haqqında Dumadakı həmkarları “yaşlandıqca daha çox tərbiyəsiz uşağa çevrilir”, “uşaq nə qədər əylənir əylənsin, təki ağlamasın” kimi ifadələr səsləndirirlər.

Deputat bildirib ki, yersiz və aqressiv emosiyaları, arqumentsiz çıxışlarına görə siyasətçidən daha çox lətifə personajına çevrilən Jirinovskinin sərsəmlərilə bağlı sonradan, “fikirlərim düz başa düşülməyib”, kimi özünümüdafiə cəhdlərini də çox görmüşük: “Onun Azərbaycanla, Cənuni Qafqazla bağlı da təzadlı fikirləri az deyil. Bu dəfə “Komsomolskaya Pravda” Radiosuna açıqlamasında guya rus hərbçisinin “vəkili” qismində çıxış edərək, Azərbaycan rəhbərliyinə xitab etməklə isə həddini aşıb. O, Cənubi Qafqazın 200 ildir Rusiyanın təsir zonası olduğunu xatırladanda, yüksək səviyyəli Bakı-Moskva münasibətlərini, Azərbaycanın regionun lokomativi olduğunu, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı böyük Qələbəni də unutmamalı idi. 30 il siyasətdə olan birinin bu səhvi etməsi təbii ki, qəbul oluna bilməz. Çünki Azərbaycanın nüfuzu, bölgədə və beynəlxalq platformalardakı statusu hər kəsə, o cümlədən qonşu ölkənin parlament təmsilçisi və partiya sədrinə yaxşı məlumdur. Məsələ burasındadır ki, 30 illik işğala 44 gün ərzində son qoyan Azərbaycanın yaratdığı yeni reallıqlar qonşu Rusiya tərəfindən də müsbət qarşılanır. Rusiyada rassional düşüncəyə malik siyasətçilər münaqişənin həllindən sonra, yeni mərhələdə də hər iki dövlətin maraqlarına uyğun münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. 30 ildir siyasətdə olan, lakin siyasətçi ola bilməyən jirinovskilərin bu reallığı gözardı etməsi, destruktiv mövqe sərgiləməsi təbii ki, reallığı dəyişmir. Sadəcə, bu cür üzdəniraq ünsürlərə öz yerini göstərmək, səsləndirdiyi hər ifadənin məsuliyyətini dərk etməsini xatırlatmaq lazımdır”.

Deputat Ceyhun Məmmədov öz sosial media səhifəsində yazır:

"JİRİNOVSKİNİN NÖVBƏTİ SƏRSƏMLƏMƏSİ"

"Keçmiş sovet respublikaları xalqlarına hər zaman düşmənçiliyi və dil uzatmağı ilə seçilən Jirinovski yenidən sərsəmləyib. Bu adamın əsas işi digər ölkələrin daxili işinə qarışmaq, onları təhqir etmək və aşağılamaqdır.

Söyüşkən, jarqon ifadələrdən öz çıxışlarında davamlı istifadə edən Jirinovski normal polemika aparmaq qabiliyyətinə malik deyil. Dəvət edildiyi bütün verilişlərdə aparıcıları aşağılayır. Onun təhqir etmədiyi, söymədiyi siyasətçi, ictimai xadim və veriliş aparıcısı qalmayıb.

Əsas ritorikası söyüş və təhqir olan bu şəxs hələ də anlamır ki, bu sərsəm bəyanatları ilə Rusiya ilə keçmiş sovet respublikaları arasında münasibətləri korlayır. Yaxşı olardı ki o bu enerjini xalqlar arasına nifaq və düşmənçilik salmağa, onları aşağılamağa və təhqirə deyil, dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə sərf edəydi.

Jirinovski anlamaladır ki, artıq sovet ittifaqı yoxdur, Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz. Jirinovskiyə xatırlatmaq lazımdır ki, Azərbaycan banan respublikası deyil və Azərbaycan xalqı ona uzanan dili və əli kəsməyə qadirdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bunu bir daha nümayiş etdirdi.

Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman Rusiya ilə dostluğun və əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Rusiya ilə münasibətlərdə səmimi və açıq olub. Ermənistan isə hər zaman ikili oyun oynayıb, xəyanət edib. Necə ki bu gün bunu yenə edir".

Elnur Allahverdiyev:

Azərbaycanda Jirinovskini, onun sərsəm fikirlərini, siyasi görüşlərini ciddiyə alan kimsənin olduğuna inanmıram. Bu adam heç öz ölkəsində adekvat siyasətçi kimi qəbul olunmur. Hansı qeyri-ciddi tok-şoulara baxsanız, oradadır və avtomatlaşdırılmış oyuncaq kimi gülünc fikirlərini söyləyir.

Əli Məsimli:

Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil. Bunlardan biri də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir.

"Məlumdur ki, Jirinovski Qarabağı Rusiyaya birləşdirmək, Azərbaycanı Rusiyanın quberniyasına çevirmək kimi sərsəm fikirləri ilə yanaşı həm də bu təlxək dəfələrlə Azərbaycan xalqı və dövlətinə qarşı etikaya sığmayan ifadələr işlədib. Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyinin ünvanına səsləndirdiyi təhqiramiz fikirlər də həmin təhdidlərin, qərəzin və sərsəmləmələrin davamıdır. Azərbaycan əsgərinin 44 günlük zəfər yürüşü, haqq-ədalətin bərpa prosesi olmaqla yanaşı, həm də  işğal altında olan torpaqların azad edilməsinin mümkünlüyünü dünyaya göstərilən nümunədir. Bu zəfər həm də xalqımız çoxəsrlik yaddaşını, kimliyini xatırladı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi.

Böyük Qaydış layihəsi üzrə işğaldan azad olunan ərazilərilərimizdə görülən işlər, çəkilən yollar məhz hələ davamı da olacaq həmin YENİ YOLDUR  və heç bir qara qüvvənin mane ola bilməyəcəyi, heç bir təhdid, hədədən çəkinmədən sona qədər davam edən müqəddəs Haqq Yoludur... Ona görə də təbii ki, Jirinovski, Jirinovskiləşmişlər və heç bir qüvvə  bu cür sərsəmləmələrlə  Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü sarsıda bilməz. Bununla belə Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan Jirinovskinin bu davranışı qeyri-etik olmaqla, Azərbaycan və Rusiya münasibətlərinə zərbə vurmaqla yanaşı, həm də məsuliyyətsiz və təxribat xarakterli ifadələri ilə bütün əndazələri aşır. Ona görə də Rusiya Dövlət Dumasından və bu ölkənin digər aidiyatı strukturlarından - səlahiyyət sahiblərindən soruşmaq vaxtı çoxdan çatıb ki, Jirinovski kimdir: Azərbaycanın bədxahı, təlxək, siyasi boşboğaz, qeyri-ciddi siyasətçi, təxribatçı, yoxsa hamısının vəhdəti olmaqla Kremlin açıq şəkildə demək istəmədiklərini çatdıran sözçüsü?

İltizam Yusifov yazır:

"Sərsəmləmə siyasətçi üçün qəbahətdir. Özünə hörmət edən siyasi lider hər çıxışını düşünməli, planlamalı və ondan sonra o “mübarək” ağzını açmalıdır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bir sıra siyasi liderlər sərsəmləməni artıq özlərinə prioritet seçib. Yəni, onlar bu yolla həm gümdəmə gəlmə, həm gümdəmdə qalma, həm də müəyyən dividentlər qazanmaq istəyir. Söhbət Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovskidən gedir. Hər zaman antiAzərbaycan bəyanatları ilə seçilən bu siyasətçi son açıqlaması ilə yenə sərsəmləyib. O, Azərbaycanı rus əsgərləri ilə hədələyib. Əslində onun bu fikirlərinin siyasi çəkisinin olmadığı gün kimi aydındır. Məsələ orasındadır ki, indiki məqamda onu belə açıqlama verməyə nə vadar edir? Arxivi söyüşlərlə dolu olan bu siyasətçinin bundan dividenti nədir.

Rekord sayda Rusiyada keçirilən prezident seçkilərinə qatılan, hər seçkidə də topladığı az səs sayları ilə gündəm olan Jirnovski Azərbaycanla bağlı dediyi fikirlər məlum məsələdir ki, hansısa siyasi qurum tərəfindən ortaya atılıb. Bu o qüvvədir ki, ölkəmizin qazandığı nailiyyətləri qəbul etmir, regionda söz sahibinə çevrilməsini həzm etmirlər. Bu qüvvələr hər zaman olub və olacaq. Onların sözlərini dedirdəcək siyasətçilər də var. Ancaq siyasi konnekturada lider öz mövqeyini sərgiləməlidir. Kiminsə diqtəsi, kiminsə kuklası olmasın. Təbii ki, Jirnovski kukla olmağı çoxdan öz üzərinə götürüb və görünən odur ki, bu işi çox gözəl yerinə yetirir. Buna görə də, “sahibləri” vaxtaşırı yaşına, başına hörmət etməyən Jirnovskini gündəmə gətirirlər.

Jirnovskinin Rusiyada Prezident seçkilərinə qatılan rekordmen siyasətçi olduğunu əbəs yerə qeyd etmədim. Statistik göstəricilərə nəzər salanda aydın olur ki, bu məxluqun topladığı səs faizləri hər seçkidə durmadan azalır. Bu isə cəmiyyətdə Jirnovski kimi adamlara yer olmadığını, onun fikirlərinin heç bir siyasi çəkisinin qalmadığını göstərir. Belə olan halda Jirnovskinin dividenti nə ola bilər?

Jirnovski də bilir ki, Azərbaycanın müstəqilliyi heç zaman müzakirə mövzusu ola bilməz. Məhz bu məsələ ilə gündəmə gəlməklə siyasi nüfuzunun yüksələcəyinə ümid edən Jirinovski və onun havadarları yaxşı bilir ki, məhz Cənab Prezident İlham Əliyevin də iştirakçısı və qurucusu olduğu yeni siyasi düzəndə onlara yer yoxdur. Bu düzən regiona yeni nəfəs gətirəcək. Baxışları, yanaşmaları dəyişəcək".

Fəzail Ağamalı:

“Jirinovski əqli cəhətdən idarə olunmaz, şizofrenik, böhtançı, şarlatan “siyasətçi”dir. Hal-hazırda Rusiyada Duma seçkiləri ərəfəsidir və Jirinovski yenə səs toplamaq üçün hoqqabaz çıxışlarından əl çəkmir”.

O, bildirib ki, Vladimir Jirinovski debatlarda da öz həmkarları ilə çıxışı zamanı özünü idarə edə bilmir:

“Mən dəfələrlə onun debatlarını izləmişəm. Özünü bazar adamı kimi aparır. Çıxışlarında qarşısındakı insanı söyür, təhqir edir. Bu onun portiretinin başlıca əlamətləridir”.

Fəzail Ağamalı bildirib ki, Jirinovskinin Azərbaycan dövlətinə və siyasi liderinə qarşı söylədikləri hədyanların heç bir əsası yoxdur:

“Görünür, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Jirinovski kimi qeyri-ciddi, təlxək adamların yuxusunu ərşə çəkib. Onun kimi bir çox siyasətçilər hələ də Azərbaycanın müstəqil siyasət yeritdiyini həzm edə bilmir”.

Sədaqət Vəliyeva

"Rusiya Federasiyası Dövlət Duması səviyyəsində Jirinovski barədə Azərbaycanın dövlət rəhbərliyi haqqında məsuliyyətsiz, qərəzli və təhqiramiz düşüncələrinə görə ölçü götürülməlidir"

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və etiraz doğurur. Azərbaycanın müzəffər Ali Baş Komandanı haqqında, xalqımız barədə qəbuledilməz fikirlər səsləndirən Jirinovski həm də iki strateji tərəfdaş ölkə arasında münasibətlərə xələl gətirməyə cəhd etdiyi üçün mütləq cəzalandırılmalıdır. Ən azından Rusiya Federasiyası Dövlət Duması səviyyəsində Jirinovski barədə əxlaqdan uzaq fikirlərinə, Azərbaycanın dövlət rəhbərliyi haqqında məsuliyyətsiz düşüncələrinə görə ölçü götürülməlidir. Doğrudur, onu Rusiyada ciddi siyasi fiqur kimi qəbul etməsələrdə, siyasətə təhqir gətirmiş təlxək kimi tanısalar da, bu, ona Azərbaycanın dövlət başçısı, dövlətimiz və xalqımız haqqında məsuliyyətsiz, qərəzli və təhqiramiz fikirlər səsləndirməsinə əsas vermir.

Onun radikalizmi, anti-türk, anti-Azərbaycan ritorikası, Orta Asiya xalqlarına qarşı açıq-aşkar düşmən mövqeyindən çıxış etməsi, irqçiliyi və şovinizmi təşviq etməsi, xəstə ruhlu siyasi oyunbazlıqlar etməsi rus xalqına, təmsil etdiyi ölkəyə heç zaman baş ucalığı gətirməyib. Məsuliyyətsiz hərəkətlərinə görə bir ölkənin ali qanunverici orqanında təmsil olunan deputatı elə həmin ölkənin bir sıra ərazilərində, məsələn, Rusiya Federasiyasının subyekti olan Komi Respublikasında, hətta, dünyanın bir sıra ölkələrində, Qazaxıstan, Qırğızıstan kimi dövlətlərdə “persona non grata” elan olunmasından böyük rüsvayçılıq ola bilərmi? Bu şəxs Rusiya dövlətinə ancaq mənfi imic qazandırmaqla məşğuldur.

Jirinovskinin söylədiyi məsuliyyətsiz fikirlərini söz azadlığı, demokratiya ilə pərdələməyə çalışması da onun qərəzindən xəbər verir. Diktatorluğu, tiranlığı ilə ad çıxarmış bir partiya sədrinin demokratiyadan danışması sadəcə gülüş doğurur. Şübhə yoxdur ki, Rusiya dövlət rəhbərliyinin Azərbaycan dövlətinə və dövlət rəhbərliyinə olan münasibəti Jirinovskinin fikirlərinin tamamilə əksidir. Ümid edirik ki, Rusiya dövlət rəhbərliyi Jirinovski kimilərin iki strateji dövlətin münasibətlərinə xələl gətirməsinə, ictimai rəyə fərqli və ziyanlı düşüncələrin sırımasına imkan verməyəcək.

Ramin Məmmədov:

"Mənim fikrimcə, özünə hörmət edən siyasətçi öz təfəkkür tərzindən daha yüksəkdə duran proseslərə qiymət verməkdən çəkinməlidir. Çünki belə cəhdlər onun haqqında onsuz da müsbət olmayan ictimai rəyə yeni ştrixlər əlavə edir. Görünür, Rusiya liberal demokratlarının lideri üçün bu o qədər də önəmli məsələ deyil".

İqbal Məmmədov:

“Bir deyim var- üzrü günahından betər. Bax, Jirinovskinin istər müsahibəsi, istərsə də etiraz notasından sonrakı açıqlaması bu, insanın hansı xislətə malik olduğunu ortaya qoyur. Onun bu cür mövqe sərgiləməsi ilk növbədə  Rusiyanın beynəlxalq münasibətlərə sistemindəki nüfuzun və mövqeyinə ciddi xələl gətirir”.

Anar İsgəndərli:

"Jirinovskinin heç kimlə münasibəti səmimi deyil. O, Rusiyanın dövlət başçısını vaxtaşırı tənqid və təhqir edir. Hətta imkanı olsa, daha artığına da gedər. Bu o deməkdir ki, Jirinovski anormal bir canlıdır. Əgər o anormaldırsa, biz də bu canlıya layiq olduğu münasibəti sərgiləməliyik və sərgiləyirik. Mən çox sevinirəm ki, Azərbaycan sivil dövlət olaraq Rusiya Federasiyasına nota göndərdi. Bu notada da hər şey öz əksini tapıb.

Kəmaləddin Qafarov

"Jirinovskinin bütün bəyanatları onun təkcə xəstə ruhunun deyil, eləcə də ədəbsizliyinin, tərbiyəsizliyinin göstəricisi kimi qəbul edilir".

"Düşünürəm ki, Jirinovski Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dövründə “müalicə olunurdu” və buna görə də baş verənlərdən məlumatlı deyil. Yoxsa belə bəyanatlar səsləndirib ölkələrimiz və xalqlarımız arasında nifaq salmağa çalışmazdı.”

Deputatlar Soltan Məmmədov, Anar Məmmədov, Cavanşir Paşazadə, Vüqar Bayramov, Musa Quliyev, İlham Məmmədov, Pərvin Kərimzadə, Etibar Əliyev, Səttar Möhbalıyev, Elşən Musayev, Siyavuş Novruzov, Məşhur Məmmədov, Cavid Osmanov, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Məlahət İbrahimqızı, Jalə Əhmədova, Fazil Mustafa, Ülvi Quliyev də Jirinovskinin çıxışına digər deputatlarla oxşar münasibət bildiriblər.

Xəbərlər