Milli Məclisin deputatı Emin Hacıyev Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları ilə görüşüb.
Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyevanın adından gəncləri salamlayaraq təşkilatın yaranma tarixindən danışıb. O bildirib ki, Rusiyada AMOR-un 70-dən çox regional bölməsi fəaliyyət göstərir.
Onların fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın bütün regionlarında 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı ilə bağlı “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində anım mərasimləri keçirilir. Gənclər mədəni-kütləvi, idman və xeyriyyə aksiyalarına, o cümlədən Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik mini futbol turnirinə, “Nə? Harada? Nə zaman?” intellektual oyununa, “Qanın milləti yoxdur” xeyriyyə aksiyasına həvəslə qatılırlar. Hər il təhsildə fərqlənən gənclər “AMOR təqaüdü”nə layiq görülürlər. Böyük Vətən Müharibəsində qələbənin ildönümlərində AMOR gəncləri faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların həyat və döyüş yolu barədə danışırlar.
“Bütün Azərbaycan xalqı kimi Rusiyada yaşayan və təhsil alan soydaşlarımızın da ən böyük problemi, əlbəttə ki, Qarabağ idi. AMOR fəalları təşkil olunan hər bir görüşdə, hər tədbirdə Qarabağ münaqişəsinin başvermə səbəbləri, xalqımızın haqq işi barədə rusiyalıları məlumatlandırır, bu münaqişənin ədalətli həllinə çağırırdılar. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” informasiya kampaniyası çərçivəsində görülən işlər nəticəsində Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdıra bildik. Dövlətimiz güclü, peşəkar ordu yaratdı və 44 günlük Vətən Müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Mən sizi bir daha xalqımızın bu böyük Qələbəsi münasibəti ilə təbrik edirəm”, - deyə E. Hacıyev bildirib.
Millət vəkili ölkəmizdə siyasi, iqtisadi, humanitar sahələrdə görülən işlərdən danışıb, işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük quruculuq işləri, Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Sonda deputat Emin Hacıyev AMOR fəallarını maraqlandıran suallara cavab verib.