Milli Məclisin bugün keçirilən iclasında bir sıra qanun layihələri qəbul edilib.
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.
Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.
Bundan başqa, layihədə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir.
Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.
Dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşib.
Layihəyə əsasən, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək.
ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.
Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.
Pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat olacaq.
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə dövlət rüsumu tutulacaq.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.75-ci maddəyə əsasən, idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2000 manat dövlət rüsumu tutulacaq.
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir.
Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılacaq.
Qanuna yeni – 33.1-1 və 33.1-2-ci maddələr əlavə edilib. Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək.
Həmçinin dəyişikliyə əsasən, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir.
Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.
Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün tətbiq edilən rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.