Siyasət 6 Mart 2023, 13:07 | Baxış sayı: 159
“Meral Akşener vahid namizəd olsaydı, müxalifət daha ciddi uğur qazana bilərdi”

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, müxalifət cəbhəsində əsəblər getdikcə tarıma çəkilməkdədir.

İqtidar cəbhəsində gəldikdə isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başçılıq etdiyi “Cümhur İttifaqı” çoxdandır ki, artıq öz namizədini bəlli edib. Belə ki, partiya sədri və hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki seçkilərdə yenidən iştirak edəcəyini ötən il qeyd etmişdi.

Müxalifətdə isə vəziyyət fərqlidir. Dünən İYİ Partiya sədri Meral Akşenerin müxalifətin qurduğu “Altılı Masa”dan çıxması, habelə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlunun müxalifətin vahid namizədi olmasına etiraz etməsi Türkiyənin siyasi gündəminə bomba kimi düşdü.

Hakimiyyət opponentləri arasındakı vahid namizəd böhranının artması və müxalifətdaxili təzyiqin getdikcə böyüməsi hazırkı siyasi şəraiti çox fərqli edib. Akşener Ekrem İmamoğlu və Mansur Yavaşdan dəstək gözlədiyini dilə gətirsə də, stajlı CHP-lilər də ondan üz döndərərək Kılıçdaroğlunun namizədliyini dəstəklədiklərini bəyan ediblər.

Türkiyə müxalifətində nələr baş verir?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasından Milli Məclisinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da eyni rəyi bölüşərək deyib ki, müxalifət daxilindəki fikir ayrılığı gec-tez ortaya çıxacaqdı:

“Əslində, biz Türkiyənin daxili siyasətinə qarışmamalıyıq, çünki seçim türk xalqınındır və xalq özü seçkilərdə kimə inanırsa, ona da səs verəcək. Türkiyədəki seçkilər həmişə demokratik keçirilib və türkiyəli seçicilər hər zaman fəal olublar, seçkiyə gələnlər həmişə çox olub.

“Altılı Masa” yığılanda əvvəlcədən bilirdim ki, günün birində hansısa partiyanın oradan ayrılmağı ilə müəyyən bir fikir ayrılığı yaranacaq. Çünki həmin o “altılı” liderlərin arasında xarizma, eləcə də iş görmək baxımından hələ ki Ərdoğanla müqayisə oluna bilən ikinci bir adam görünmür. Onların bəziləri Ərdoğanın hakimiyyəti vaxtında siyasətə gəlib və siyasətdə uğursuzluq qazanıb gediblər. Sonra isə partiyalar yaradıb yenidən qayıdıblar. Məsələn, Ahmet Davudoğlu, Ali Babacan və s”.

“Ola bilsin ki, onlar başqa vaxt uğurlu siyasətçilər kimi tanına bilərlər, amma Ərdoğan iqtidarının dövründə bunlar müəyyən yanlışlıqlara görə hakimiyyətdən qopub gedən adamlardır. Onların vahid lider kimi ortaya çıxması isə hazırda real görünmür”, – ehtimallarını səsləndirib.

VHP sədri xatırladıb ki, həmin “altılı”ların içində ortada görünən yalnız Kemal Kılıçdaroğlu idi:

“Amma o, hətta partiyadaşlarının arasında belə vahid lider kimi görünmür. Çünki CHP-dən Ekrem İmamoğlu və Mansur Yavaş da var ki, onların ciddi hörmətləri var. Bəlkə onlardan birinə namizədlik verilsə, daha uğurlu ola bilər”.

“Ona görə də fikir ayrılığı yaranıb. Meral Akşener də son illərdə Türkiyə siyasətində getdikcə nüfuzunu artıran bacarıqlı bir xanımdır. Bəlkə “Altılı Masa”dan onun namizədi irəli sürülsəydi, müxalifət daha ciddi uğur qazana bilərdi. Hər halda seçim olub və bundan sonrakı dövrdə nələr baş verəcək, bu barədə bir söz deməyə çətinlik çəkirəm. Əsas olan budur ki, görünür, seçkilər baş tutacaq”.

Xəbərlər