MDB PA-nın daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının iclasına Milli Məclisin deputatı, bu komissiyanın sədr müavini Əminə Ağazadə sədrlik edib.
İclasda “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Maliyyə əməliyyatları haqqında”, “Öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üsulları haqqında”, “Sığorta haqqında”, “Fondlar haqqında”, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” (yeni redaksiya) model qanunların layihələri müzakirə olunub. “Müqavilə hüququ (ümumi müddəalar) haqqında” qanun layihəsi üzərində işlərin gedişi nəzərdən keçirilib.
Videokonfransda Hüquqi məsələlər üzrə daimi komissiyanın sədr müavini Əminə Ağazadə Parlamentlərarası Assambleyanın Daimi Komissiyaları haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. Məsələ geniş müzakirə olunub.
Komissiyada bir sıra sənədlərə, o cümlədən model qanunvericilik aktlarının hazırlanmasına dair təkliflərə münasibət bildirilib. Təşkilati məsələlərə baxılıb.
MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyanın iclasında iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva “MDB-nin beynəlxalq müşahidəçiləri üçün seçkilərin və referendumların müşahidəsi ilə əlaqədar Tövsiyələrin yeni nəşrinin layihəsinin hazırlanması” məsələsinə dair fikirlərini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.
İclasda “Beynəlxalq nəzarət haqqında”, “Dövlət və bələdiyyə xidmətləri haqqında”, “İnzibati prosedurlar haqqında”, “Dövlət və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi haqqında” model qanunların konsepsiyası müzakirə olunub.
Komissiyada seçkilərdə texniki avtomatlaşdırma vasitələrindən istifadə, milli seçkilərə xarici müdaxilənin qarşısının alınması, yerli özünüidarəetmə problemlərinin həllində bələdiyyə-özəl tərəfdaşlıq mexanizminin istifadəsi barədə tövsiyələr konsepsiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.