“Marina Kalyurand pullu erməni təbliğatçısı kimi Azərbaycana böhtan atır”
Təəssüf ki, Marina Kalyurand pullu erməni təbliğatçısı kimi Azərbaycana böhtan atmaqda davam edir.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirib.
“Mən onunla həmişə Avropa və Azərbaycan parlamentləri arasında məhsuldar ikitərəfli münasibətlərin inkişafı naminə konstruktiv razılığa gəlməyə ümid etmişəm. Əməkdaşlıq Komitəsinin həmsədri olduğu müddətdə o, tez-tez Ermənistana səfər edib. Lakin bir dəfə də olsun Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycana səfər etməyib”, - deyə deputat bildirib.
Tural Gəncəliyev bildirib ki, Marina Kalyurand regiona cavabdeh olan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri kimi 30 illik erməni işğalına, azərbaycanlılara qarşı qanlı etnik təmizləməyə, on minlərlə günahsız azərbaycanlının kütləvi şəkildə qətlə yetirilməsinə, o cümlədən Xocalı Soyqırımına qarşı susdu.
“Bununla belə, onun bölgədəki "humanitar narahatlıqlar" haqqında danışmağa heç bir mənəvi səlahiyyəti yoxdur. İndi belə bir sual yaranır ki, xanım Marina Kalyurandın Azərbaycana səfərinə nə mane olub? Bu, onun erməni lobbiçiləri ilə qaranlıq əlaqələri və öhdəlikləridir? AvropaParlamentində bədnam ermənipərəst Eva Kaili kimi yüksək rütbəli məmurların iştirakı ilə baş vermiş son korrupsiya qalmaqallarını nəzərə alsaq, cavab çox güman ki, “bəli!” olacaq, - deyə bildirilib.
Tural Gəncəliyevin sözlərinə görə, Marina Kalyurandın AP-dəki son anti-Azərbaycan çıxışı araşdırılmalıdır.
“Belə qərəzli şəxsin Cənubi Qafqaz ölkələri ilə əlaqələr komitəsinə sədrlik etməsi AP-yə yaraşmaz. Onun hərəkətləri Aİ tərəfdaşları ilə konstruktiv münasibətlərin inkişafına töhfə vermək əvəzinə tam əksini edir. Mən Avropa Parlamentini və digər aidiyyatı qurumları onun hərəkətlərini araşdırmağa və Parlament Əməkdaşlıq Komitəsinin həmsədri kimi rolunu ləğv etməyə çağırıram”, - deyə Milli Məclisin deputatı bildirib.