İqtisadiyyat 24 Fevral 2023, 15:15 | Baxış sayı: 125
"Mallar rəqabət qiymətinin aşağı düşməsi üçün qanuni yolla ölkəyə gətirdirilirsə..."

Azərbaycanda “Trendyol”a qadağa qoyula biləcəyi ilə bağlı yayılan xəbər narazılıqla qarşılanıb. Qadağaya əsas arqument kimi “Trendyol”un ölkə bazarında haqsız rəqabət yaratması gətirilir. “Trenyol”dan faydalanan yerli müştərilər isə deyirlər ki, qadağa qoyulacağı təqdirdə Azərbaycanda mağazalar məhsulu ucuz versinlər ki, insanlar xaricdən gətirməyə meyil etməsinlər.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında deyib ki, o, birmənalı olaraq yerli istehsala kömək üçün qoyulan qadağanı dəstəkləyir, lakin qadağa qoyulan malların yerli istehsalı yoxdursa, həmin mallar rəqabət qiymətinin aşağı düşməsi üçün qanuni yolla ölkəyə gətizdirilirsə, buna qadağa qoymaq mənasızdır.

 

“Əgər bu yolla getsək, onda gərək bir çox şeyin qabağını alaq. Məsələn, xarici dildə kitabların ölkəyə gətirilməsi və s. Düşünürəm, əhalinin marağını üstün tuturuq. Onsuz da biz xaricdən alınan və göndərilən malların rüsumunu 1000 dollardan 300 dollara qədər azaltdıq. Yəni artıq məhdudiyyət var. Buna proteksionizm siyasəti deyirlər. Əgər Azərbaycan bazarını daxildə istehsalçının fəal olması, rahat rəqabətə girməsi üçün qoruyuruqsa, onda bunun tərəfdarıyam. Yox, həmin məhsullar ölkədə istehsal olunub, bazara çıxarılmırsa, onda qadağa mənasızdır. Başa düşürəm, burda müəyyən itkilər var. Qismən bu, vergiyə, gömrüyə də aiddir. Amma inflaysiyanın tempinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, insanlara müəyyən qədər rahatlıq yaratmaq lazımdır. Bu, şəxsən bir alim, millət vəkili kimi öz fikrimdir”, - deputat bildirib.

Xəbərlər