"Əli Kərimli indi də bəzi şəhid ailələrinin maddi imkansızlığı ətrafında spekuliyasiyalara başlayıb"
“Son günlər radikal antimilli ünsürlərin şəhidlərin müqəddəs adından çirkin siyasi məqsəd və niyyətlərlə istifadə etməsi cəhdləri müşahidə olunur. Proseslərdə isə Əli Kərimli xüsusi fəallıq edərək uyğunsuz məzmunlu informasiyaları yaymaqla şəhid qanı üzərində manipuliyasiya ilə mənəvi cəhətdən qüsurlu, siyasi əxlaq baxımından yoxsul olduğunu göstərməkdədir”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
B.Məhərrəmov qeyd edib ki, Kərimli indi də bəzi şəhid ailələrinin maddi imkansızlığı ətrafında spekuliyasiyalara başlayıb: “Təbii ki, şəhidin şəhadətinə qədər ailəsinin kasıb olması mümkündür, bu ölkənin kasıbı da var, varlısı da! Əsas olan şəhadətdən sonra dövlətin qayğısıdır ki, bu ölkədə şəhidə də, qaziyə də lazımi qayğı var və getdikcə də artmaqdadır. Təsəvvür edin, Vətən müharibəsindən indiyə qədər 3500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. İndi monitor qarşısında şirə dönməklə deyil, Kərimlinin cəsarəti çatırsa getsin o şəklini paylaşdığı şəhid ailələrindən birinin qapısını döysün, görək o ailə bunu heç siyasi "lider" demirəm, sıradan bir adam kimi qəbul edəcəkmi? Təbii ki, yox. Təsadüfi deyil ki, rüsvayçılıqla qovulmaq, rədd edilmək qorxusu ilə bir şəhid qapısını açmayan Kərimli şəhidləri yalnız Bakının mərkəzindəki Şəhidlər xiyabanında yürüşlə “yad etməli” oldu”.