Siyasət 30 Oktyabr 2023, 16:48 | Baxış sayı: 145
“Əli Kərimli bir dəfə də olsun özündə kişilik tapıb demir ki,…”

Cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı tarixi zəfər, tarixi ədalətin bərpası, torpaqlarımız üzərində suverenliyimizin tam təmin edilməsi bütün dünyada olan erməni lobbisini, diasporunu nə qədər kədərə qərq edibsə, çox qəribə bir paradoksal səviyyədə Azərbaycandakı radikal müxalifət və onun liderləri də oxşar duruma düşüblər. Xüsusilə də AXCP sədri Əli Kərimlinin baş verən proseslərlə bağlı bəyanatları dediklərimi təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov AXCP sədri Əli Kərimlinin fikirlərinə cavab verərkən deyib.


Elman Nəsirov sözlərinə belə davam edib: “Əli Kərimli bir dəfə də olsun özündə kişilik tapıb demir ki, “Cənab İlham Əliyev sözün həqiqi mənasında tarixi zəfərə imza atıb. Bu faktdır və biz bu faktı etiraf edərək Prezidentimizi təbrik edirik”. Biz bunu heç bir zaman görmədik və heç görməyəcəyik də. Çünki xaricdəki anti-Azərbaycan dairələr bizim bu zəfərimizdən nə qədər qıcıqlanıb məyus olublarsa, eyni vəziyyəti Əli Kərimli kimilər də yaşayır.

Heç unutmaram, bir dəfə AXCP sədri söyləmişdi ki, “Nə qədər ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidentidirsə, torpaqlarımız heç bir zaman işğaldan azad olunmayacaq”. Əli Kərimli, budur sənin proqnozun?! Budur sənin yekə-yekə verdiyin bəyanatların həqiqət payı?! O öz xislətini ortaya qoydu. Xalqımız çox gözəl görür ki, tarixi uğurlarımızdan kimlərin qanı qaralıb və kimlərin yuxusuna haram qatılıb. Həmin siyahıda Əli Kərimli öndə gedənlərdəndir.

Azərbaycan iqtidarı heç vaxt müəyyən etdiyi yoldan geri çəkilmir. Bizim strateji hədəflərimiz var. Bəli, biz Azərbaycanın Naxçıvanda quru rabitə əlaqəsi qurmaq istəyirik. Bu vəzifədən heç kim geri çəkilməyib. Amma sizdən fərqli olaraq bugünkü Azərbaycan iqtidarının elə gücü ondadır ki, o dəyişən stiuasiyalara qiymət verə bilir. Amma sizdə belə deyildi. Çünki siz xalqın etimadını itirmişdiniz və cəmi bir il hakimiyyətdə qala bildiniz. Amma Azərbaycan Prezidenti real vəziyyətdə adekvat siyasət həyata keçirə bilir. Zəngəzur dəhlizi ilə bağlı da B planımız var. Onu da işə salmışıq. Bununla Ermənistana da ağlını başına yığması üçün mesaj veririk. Bizim alternativlərimiz həmişə var. Əli Kərimli isə elə köhnə yuxularını görməkdədir”. (Sia.az)

Xəbərlər