Cəmiyyət 10 İyun 2022, 16:42 | Baxış sayı: 299
"LGBT və digər qruplar hansısa qüvvələr tərəfindən idarə olunur, cəmiyyəti çaşdırmağa cəhd edirlər".

“Əgər LGBT üzvləri kimlərsə tərəfindən bu gün təzyiqə məruz qaldıqlarını deyirlərsə, konkret adlar çəkməli, məsələnin hüquqi müstəvidə həlli üçün iş görməlidirlər. Düşünürəm, belə məsələlər Azərbaycan cəmiyyətində prioritet deyil. Bunu tirajlamaq, cəmiyyətə təqdim etmək ziyanlıdır. Azərbaycan gənci vətənpərvər, savadlı, torpağına bağlıdır. Gənclərimiz ölkəmizə yad, dəyərlərimizə zidd təsirlərdən kənar durmalıdırlar. Həm özlərinin əxlaqi keyfiyyətlərini, bilik səviyyələrini artırmalı, vətənpərvər olmalı, cəmiyyətə töhvə verən şəxsiyyət kimi yaşamalıdırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan demokratik, hüquqi dövlətdir və ölkədə hər kəsin hüquqları Konstitusiyaya müvafiq şəkildə qorunur: “Düşünürəm ki, bunlar hansısa qüvvələr tərəfindən idarə olunurlar, cəmiyyəti çaşdırmağa cəhd edirlər. Amma əbəsdir, heç kimin hüququ tapdanmır. Bunun üçün də müvafiq orqanlar var. Hansısa fərd və ya təşkilat tərəfindən kiminsə hüququ tapdalanırsa, hüquq-mühafizə, məhkəmə orqanlarına müraciət olunmalı, hər bir iş hüquqi müstəvidə öz həllini tapmalıdır. XXI əsrdir, hər şey tez-tez dəyişir, Qərbdən, Avropadan müxtəlif cərəyanlar ölkəmizə axın edir. Burada əsas şəxslərin üzərinə düşən vəzifə bu axınları yaxşı analiz etməkdir. Hansısa müasir, vacib məsələləri müdrikləşdirməli, yad, milli-mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olan, lazımsız cərəyanları qəbul etməməli, belə məsələlərdən kənarda olmalıdırlar”.

Xəbərlər