Siyasət 1 İyun 2023, 16:49 | Baxış sayı: 225
"LGBT-nin təbliğatı böyük vüsət alıb"

Elm və Təhsil Nazirliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz rəsmi səhifəsində paylaşdığı fotoya görə tənqid olunur. Belə ki, fotoda uşağın əlindəki çərpələngin üzərində LGBT bayrağının rənglərinin əks olunduğu bildirilir. Çoxsaylı tənqidlərdən sonra Nazirlik fotonu rəsmi “Facebook” səhifəsindən silsə də, qurumun bu addımı da birmənalı qarşılanmayıb. Bildirilib ki, söhbət uşaqlardan gedirsə, Nazirlik belə həssas məsələdə əvvəlcədən daha diqqətli olmalı idi.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da Pravda.az-a açıqlamasında təəssüflə deyib ki, bu gün LGBT-nin təbliğatı böyük vüsət alıb.

 

“Xaricdə də, bizim ölkəmizə yönəlmiş təbliğatda da bu məsələnin qabardıldığını açıq-aydın görürük. Daha əvvəl də demişdim, təkrar edirəm, LGBT ilə bağlı məsələ insan hüquqları məsələsi deyil. LGBT müasir dünyamızın ən utancverici səhifələrindən biridir. Bu gün LGBT-ni təbliğ etmək, o insanların hüquqlarının müdafiəsi adı altında müxtəlif addımlar atmaq, tədbirlər keçirmək bütövlükdə bəşəriyyətə arxadan vurulmuş zərbədir. Bu, bütün dinlərdə, İslamla bərabər, hətta xristianlıqda, yəhudilikdə belə qətiyyətlə pislənilən, qəbuledilməz əməldir. Ayrı-ayrı dövlət qurumlarımız bu cür paylaşımlarda çox diqqətli olmalıdırlar. Ola bilər ki, bu, təsadüfən, fərqinə varmadan da baş versin. Amma bütün hallarda Elm və Təhsil Nazirliyi bu məsələni nəzərdən qaçırmamalı idi. Nazirlik çalışmalı idi ki, paylaşımlarında daha diqqətli olsun. Təəssüf ki, bu gün ayrı-ayrı xarici qurumlar bizim ölkəmizdə LGBT-nin çox geniş şəkildə təbliğinə çalışır. Buna görə də hər bir dövlət qurumu yanaşmasında kifayət qədər həssas olmalıdır. Bizim öz dəyərlərimiz, ənənələrimiz var və bunu qorumağa çalışmalıyıq. Milli dəyərlərimizə, ənənələrimizə yönəlmiş təxribat və təhdidlərə mütləq öz münasibətimizi bildirməliyik. LGBT-nin bu formada rəvac verməsinə, təbliğinə göz yummalı deyilik. Gələcəkdə bir daha belə halların baş verməməsi üçün çox diqqətli olmalıyıq. Bütün hallarda, hər birimizin, hər bir dövlət qurumunun bu məsələdə həssas olmasına ciddi ehtiyac var”.

Xəbərlər