Siyasət 20 İyun 2023, 14:20 | Baxış sayı: 190
“Laçında təxribat törədən ermənilər məsuliyyətə cəlb olunmalıdır”

“Sonuncu təxribat bir daha göstərdi ki, Ermənistan regionda davamlı sülhə və təhlükəsizliyə təhdid yaradır. Ermənistan tərəfi indiyə qədər Azərbaycan-Ermənistan sərhədində bir çox belə təxribatçı hərəkətlər həyata keçirib. Son vaxtlar sülh sazişinin imzalanması ilə bağlı Ermənistan tərəfindən verilən bəyanatlar, “Qarabağın Azərbaycanın ərazisi kimi tanıyırıq” və s. kimi ifadələrin işlədilməsi, bundan sonra guya görüşlərin hamısında konstruktiv mövqe tutacaqları haqqında verdiyi bəyanatlarla bu cür təxribatların törədilməsi tamamilə daban dabana ziddir. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi hələ də sərhədlərimizdə Azərbaycanın tutduğu qətiyyətli mövqeyi qəbul edə bilmir”. 

Bu fikirləri açıqlamasında Milli Məclisin Laçından seçilmiş deputatı Mahir Abbaszadə deyib.  

Deputat bildirib ki, Ermənistan tərəfi nəinki sərhədlərimizdə təhlükəsizliyi və sülhü istəmir, eyni zamanda Laçın-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadə olunmasıyla barışmaq istəmir: 

“Biz Xankəndindən Laçın rayonuna keçən ərazidə sərhəd-buraxılış məntəqəsi qurmuşuq. Bundan sonra Qarabağa silahların, minaların daşınması mümkün olmayacaq. 

Həmçinin, Azərbaycan tərəfindən axtarışda olan insanların Qarabağa gediş-gəlişi də artıq tamamilə kəsiləcək. Əslində, Azərbaycan tərəfinin həyata keçirdiyi addımlar həm Qarabağda, həm Ermənistan-Azərbaycan sərhədində sülhün təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır. Amma Ermənistan tərəfi  bununla barışmır və belə addımlar irəli sürür. 

Düzdür, Azərbaycan Ordusu sərhədlərdə çox ayıq-sayıq dayanıb. Düşmənin layiqli cavabı verilir və bundan sonra da veriləcək”. 

Mahir Abbaszadə qeyd edib ki, ümumiyyətlə, Ermənistan tərəfinin məqsədi təxribatların davam etməsidir:

“Ermənistanın əsas istəyi ondan ibarətdir ki, əraziyə yeni silahlı birləşmələr daşısın. Həmçinin, onların təminat məsələlərinin qarşısı Azərbaycan tərəfindən alındığına görə, sərhədlərimizdə Ordumuza qarşı belə təxribatçı addımlar irəli sürülür. Əgər Ermənistan tərəfi həqiqətən Qarabağda yaşayan ermənilərin taleyini düşünsəydi, onlar Azərbaycan sərhədlərində Azərbaycan Ordusuna qarşı bir güllə belə atmazdı. Xüsusilə də, Laçın-Xankəndi yolunun mühafizəsi ilə məşğul olan Azərbaycan Ordusuna qarşı. Belə olduğu təqdirdə, Azərbaycan tərəfinin də yolu bağlaması düzgün addımdır. 

Hesab edirəm ki, Laçında bu təxribatı törədən ermənilər məsuliyyətə cəlb olunmalıdır. Fikrimcə, Ermənistan tərəfi Azərbaycan qarşısında öz etiraflarını bildirməyə qədər yolun bağlanması vacibdir”.

mənbə: demokrat.az

Xəbərlər