Siyasət 1 May 2023, 14:21 | Baxış sayı: 95
“Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi götürülməyəcək, ermənilərə görə narahatdırlarsa, yığıb aparsınlar”

“Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi götürülməyəcək, götürülməməlidir də. Bu, Blinkenin, Makronun, yaxud digərinin istəyi ilə deyil. Hansısa dövlət rəsmisi belə bir iddiadadırsa, həmin dövlətin rəsmisinə, o cümlədən ABŞ Dövlət katibi Antoni Blinkenə sual vermək lazımdır ki, çox hörmətli cənab Blinken, ABŞ-la Meksika arasındakı 16 metr hündürlüyündə divarı niyə çəkmisiniz? Və başqa dövlətlərin digər dövlətlərlə olan sərhədləri də həmçinin. Müstəqil dövlətlər arasında sərhəd-buraxılış və gömrük məntəqəsi mövcuddur. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan və Ermənistan dövlətləri arasında sərhəd-buraxılış məntəqəsinin olması təbii haldır. Sadəcə, bir az yumşaqlıq, humanistlik etdik, müharibə bitəndən sonra müəyyən müddət bəzi səbəblərə görə məntəqə qurmadıq. Amma gördük ki, Ermənistan bundan özünün murdar, yaramaz niyyətləri üçün istifadə edir. Silah-sürsat daşıyır, ərazimizə terrorçu, diversiya qrupları göndərir, Ermənistan ordusuna məxsus hərbi birləşmələri ərazimizdə yerləşdirir və sair, və ilaxır. Bütün bunların qarşısının alınması, təhlükəsizliyimizin təmin olunması üçün sərhəd-buraxılış məntəqəmizi yaratdıq, hələ bir az da gec yaratdıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, sərhəd-buraxılış məntəqəsinin götürülməsi ilə bağlı kimin iddiası varsa, çox səhv edir: “Ermənilər bizim ərazimizdə vətəndaşlığımızı, qanunlarımızı qəbul edib yaşamaq istəmirlərsə, onların “Ermənistan” adlanan dövlətləri var. Bundan başqa, onlar tarixən vətənsizdirlər. Dünyanın harasında günləri xoş keçirsə, oranı vətənləri hesab edirlər. Şimali Qafqazın Krasnodar vilayətinin, Abxaziyanın, Fransanın bir hissəsi, ABŞ-ın böyük ərazisi və s. - gedib harada istəyirlərsə, yaşasınlar. Qanunlarımızı qəbul edib yaşamaq istəmirlərsə, kiminsə istəyi ilə təhlükəsizliyimizə, qanunlarımıza xələl gətirə bilmərik, vəssalam”.

 

E.Məmmədov “sərhəd-buraxılış məntəqəsi ilə bağlı narahtlıqlarını ifadə edən dövlətlərin açıqlamalarından sonra Azərbaycanla həmin dövlətlər arasında yaxın vaxtlarda gərginlik yarana bilərmi?” sualına isə belə cavab verib: “Hər şey ola bilər. Ona görə də hər şeyə həmişə hazır olmalıyıq. Narahat olan ölkələrin tarixinə baxın, onlar tarixən həmişə işğalçı, müstəmləkəçi dövlətlər olublar. Bu gün də Azərbaycana və Ermənistana, eyni zamanda dünyada mövcud olan dövlətlərə öz nəzarət dairələri, müstəmləkələri kimi baxırlar. Guya dünyanın bütün dövlətləri bunların dedikləri, istəkləri ilə oturub-durmalıdır. Vaxtında belə olub, ancaq bu gün belə deyil. Azərbaycan suveren dövlətdir, öz qanunları ilə yaşayır, siyasətini də bu cür aparır. İndi onlar 25-30 min erməniyə görə narahatdırlarsa, yığıb aparsınlar, öz ərazilərində bunlara dövlət də versinlər, respublika da.  Buradakı 25-30 min erməninin dərdini çəkirlərsə, Şimali Qafqazın Krasnodar vilayətində 100 minlərlə erməni kompakt yaşayır, onda orada ermənilərə muxtariyyət, dövlət versinlər. Hələ Fransanın Marsel şəhəri və onun ətrafında yarım milyondan çox erməni kompakt yaşayır. ABŞ-ın Koliforniya ştatında da 2 milyon erməni yaşayır. O ermənilərə dövlət versinlər, dünyanın aparıcı, böyük dövlətləri kimi bizə nümunə göstərsinlər. Biz də onlardan nümunə götürək, sonra görək neynirik... Özlərinə rəva bilmədiklərini zorla bizə sırıya, bizi məcbur edə bilməzlər. Bu, bütün beynəlxalq qanunlara ziddir”.

 

Xəbərlər