Siyasət 31 Avqust 2023, 17:55 | Baxış sayı: 193
"Laçın sərhəd-buraxılış məntəqəsi təhlükəsizliyimizi təmin edir"

Laçın sərhəd-buraxılış məntəqəsi Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulub. Ermənistan Laçın yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq
su-istifadə edirdi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


O xatırladıb ki, bu il aprelin 23-də yaradılan Laçın sərhəd-buraxılış məntəqəsinin açılması Ermənistanın Azərbaycanla sərhəddə - Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurmasına adekvat cavab idi.

“Cənab Prezident bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq eləmişdi. Söhbət ondan gedir ki, 2020-ci ildəki qələbədən sonrakı dövrdə də biz ermənilərin bu yolla silah daşıdığının şahidi idik. 44 günlük müharibədən sonra ümumilikdə 300 nəfərə yaxın şəxs minaya düşüb. Bu kiçik rəqəm deyil. Həmin minalar 2020-ci ildən sonra istehsal olunan minalardır”.


C.Məmmədov deyib ki, Azərbaycanın öz ərazisində - sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.

“Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Bu məntəqənin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir”.


Deputat bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr ölkəmizi guya sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirir.

“Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. İrəvanın riyakarlığı və məkrli xisləti burada da özünü açıq aydın göstərir. “Humanitar böhran” bəhanəsilə edilən manipulyasiyalar Ermənistana hərbi təxribatlar üçün süni səbəblər yaradır.

Bu məntəqənin qurulmasında əsas məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir. Buraxılış məntəqəsi qurulandan indiyə kimi erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub”.

modern.az

Xəbərlər