Plenar iclaslar 30 May 2023, 13:50 | Baxış sayı: 83
“Laçını satan radikal ünsürlərdən fərqli olaraq hakimiyyət 28 mayda cümhuriyyət şöləni yaşatdı”

“Siyasət vədlərlə başlanır və əgər vədlər yerinə yetirilirsə, bu artıq böyük siyasət olur. 

Prezident İlham Əliyevin Laçın səfəri və Laçına Böyük Qayıdışa start verməsi onun ləyaqətli siyasət yürüdən böyük siyasətçi, sözün əsl mənasında, qlobal miqyaslı qüdrətli Lider olduğunu növbəti dəfə nümayiş etdirdi”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərlə bağlı müzakirələrdə çıxışı zamanı deputat Bəhruz Məhərrəmov səsləndirib.

Bəhruz Məhərrəmov bildirib ki, Laçın bizim üçün prinsipial məsələ idi, çünki işğalının kökündə milli xəyanət durmuşdu:

“Prezident İlham Əliyev Ermənistan və havadarlarını Laçını bir güllə atmadan azad etməyə məcbur etməklə ilk növbədə tarixi ədaləti bərpa etdi. Laçına Böyük Qayıdışın başlanması isə artıq mənəvi məsələ idi. 

Ulu Öndər son gününə qədər Laçına qayıdacağımıza sidq ürəklə inanırdı. Cənab Prezident özü də 11 il əvvəl laçınlılara azad və abad Laçın vəd vermişdi və vədini reallaşdırmaqla bu illər ərzində onun fəaliyyətinin təməlində məhz milli maraqlar dayandığını bir daha sübut etdi.

Laçın səfərində ən mühüm məqamlardan biri qayıdışın 28 may tarixində baş tutması oldu. Hər vəchlə cümhuriyyət irsinə iddialı olan, amma müstəqilliyin ilk ili tamam olmamış Laçını satan, indi isə cümhuriyyətçiliyi hər il Novxanıda Rəsulzadənin abidəsi önündə şou göstərməkdən ibarət olan radikal ünsürlərdən fərqli olaraq Azərbaycan hakimiyyəti 28 mayda Laçında müstəqillik təntənəsi, cümhuriyyət şöləni yaşatdı. 
Azərbaycan Prezidentinin Müstəqillik Günündə  “28 may”, “Xosrov bəy Sultanov”, “Zəfər” və “Heydər Əliyev” küçələrinin açılışını etdiyi lövhələri bu torpaqların mənəvi demarkasiyası oldu, əzəli və əbədi sahibinin kim olduğunu göstərdi.  
Bəli, cənab İlham Əliyev 28 mayda Laçın ləkəsini tariximizdən birdəfəlik sildi, amma Laçın üzərindən hakimiyyəti zəbt etmiş adamların alnında Laçın ləkəsi həmişə qalacaq”.

Xəbərlər