“Laçın postundakı erməni təxribatında Rusiyanın əli var”
İyulun 26-da Ermənistan tərəfi Azərbaycanla razılaşdırmadan yük maşınlarını sərhəd məntəqəsinə yığmaqla növbəti təxribata əl atıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə daşımalar üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Lakin ermənilər bundan imtina edir, əvəzinə xarici səfirliklərin, o cümlədən Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında qarşı tərəfin sonuncu təxribatını pisləyib. Bildirilib ki, Ermənistanın razılaşdırmadan “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir.
Ermənistanın növbəti təxribatla nəyə nail olmağa çalışdığını Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında şərh edib.
O qeyd edib ki, Ermənistan bilavasitə Qarabağ ermənilərilə Azərbaycan arasında danışıqları pozmaq, prosesi ləngitmək məqsədilə belə şoular tərtib edir. Buna beynəlxalq təşkilatları da qatmaq istəyir. Beynəlxalq tərəflər arasında münaqişənin davamlı olmasını istəyən, bölgədəki gərginlikdə maraqlı olan Fransa da var:
“Düşünürəm ki, Ermənistanın növbəti şousunun heç bir əhəmiyyəti yoxdur. Qarabağ Azərbaycandır, bunu bütün dünya qəbul edib. Azərbaycan dövləti öz vətəndaşlarını humanitar vasitələrlə təmin etməkçün alternativ yol təklif edib. Biz beynəlxalq təşkilatlardan, ilk növbədə Avropa Birliyindən Qarabağdan erməni qanunsuz birləşmələrinin çıxarılmasını tələb etməyi gözləyirik. Bunu həyata keçirmək birbaşa Rusiyanın öhdəçiliyidir. Üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları bölgəyə yalnız erməni qoşunları çıxarılandan sonra yerləşə bilərdi. Bu şərt həyata keçirilməyib, Zəngəzur dəhlizi açılmayıb”.
A.Mollazadə əlavə edib ki, Laçın postunda təxribatın daha bir məqsədi böyük həcmli yükləri keçirməkdir:
“Aydındır ki, oradan iri həcmli yüklər keçə bilməz. Avropa Birliyi ilk növbədə Ağdam – Xankəndi yolunun istifadəsini təmin etməlidir, erməni separatçıları bu yolu bağlamağa çalışır. Bu işdə Rusiyanın oradakı oliqarx inhisarçılarının da əli var. Mənə elə gəlir ki, diqqəti buna cəlb etmək lazımdır. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir. Susqunluq beynəlxalq normaları heçə saymaq, sülh prosesini ləngimək, danışıqlara xələl gətirmək deməkdir”.
demokrat.az