Plenar iclaslar, Qanun Layihələri 27 May 2022, 14:16 | Baxış sayı: 213
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələbi və qaydaları pozanlar cərimələnəcək

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsinə görə yeni cərimə müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Layihəyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcək. Eyni zamanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə yeni cərimələr də müəyyənləşir.

Beləliklə, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücümlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına dair tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığının təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbərlər