İqtisadiyyat 18 May 2023, 16:24 | Baxış sayı: 85
“Konfutsi deyib ki, qaranlıq otaqda qara pişiyi axtarmağa dəyməz...”

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən “Günay Bank”ın lisenziyasının ləğv edilməsi birmənalı qarşılanmayıb. Belə ki, Mərkəzi Bankın “Günay Bank”ın lisenziyasının ləğvinə əsas gətirdiyi məcmu kapitalının azlığı məsələsinin həqiqətəuyğun olmadığı deyilir. Ona qalsa, ən aşağı göstərici “Melli İran Bank”ın Bakı filialında və “Bank BTB”dədir. Nəticələrin fonunda bildirilir ki, bankın bağlanması iqtisadi yox, siyasi məsələdir. İddia edilir ki, əsas səbəb bankın sahibi Mahmud Məmmədovun bir neçə gün öncə müsahibəsində siyasi səhvlərə yol verməsi olub...

 

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, konspiroloji nəzəriyyədən istifadə edilməməlidir.

 

“Konfutsi 2600 il bundan əvvəl deyib ki, qaranlıq otaqda qara pişiyi axtarmağa dəyməz, bəlkə də, o, heç otaqda yoxdur... Düşünürəm, Mərkəzi Bankın tələblərinə uyğun olmayan şərtlər var idi. Birincisi, bankların kapitalı 50 milyon manatdan aşağı olmamalıdır. Bilirəm ki, 12-13 ildir, belə qərar var. Bu isə bankları sığortalamaq üçündür. Yəni bank özü-özünü sığortalaya bilsin, müflis olmasın. “Günay Bank”ın məhkəməyə müraciət etmək, hüquqlarını müdafiə etmək ixtiyarı var. Bu da istisna deyil. Özləri necə bilirlər, elə də addım atacaqlar – səhvlərini düzəldərlər, müraciət edərlər, məhkəməyə verərlər, hansısa formada Mərkəzi Bankla işləyərlər... Bu, artıq “Günay Bank”ın siyasətidir. Nə məsləhət görürlər, onu da edərlər. Başqa səbəblər axtarmağa dəyməz...”, - deputat bildirib.

 

Xəbərlər