Siyasət 31 May 2023, 13:34 | Baxış sayı: 100
"Kişinyov görüşündə Azərbaycanın mövqeyi iki vacib amil baxımından daha güclüdür"

Avropa İttifaqının vasitəçiliyilə Kişinyovda Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında görüş keçiriləcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Almaniya kansleri Şoltsun və Fransa prezidenti Makronun da qatılacağı bu görüşü "böyük görüş" adlandırıb.
Keçən ilin oktyabrında Praqada keçirilən görüşdən fərqli olaraq bu görüşdə Azərbaycanın mövqeyi iki vacib amil baxımından daha güclüdür.

Birinci, Ermənistan ölkəmizin ərazi bütövlüyünü ümumi sözlərlə yox, dünya tərəfindən qəbul olunan hüdudda, yəni Qarabağda daxil olmaqla 86,6 min kvadrat kilometr çərçivəsində tanıdığını rəsmən bəyan edibdir.

İkinci, amil aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla Azərbaycan ərzi bütövlüyünü de-fakto bərpa edibdir.
Cənab Prezidentin mayın 28-də Laçında söylədiyi kimi, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq, sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər çərçivəsində həm sərhədlərin delimitasiyasinı aparmalı, həm Naxçıvana kommunikasiyaları açmalı, həm də sülh müqaviləsini imzalamalıdır.
Ümid edirik ki, bu gün Ermənistan Azərbaycanın bu xöş niyyətini düzgün qiymətləndirəcək və sülh sazişinin imzalanması üçün süni problemlər yaratmayacaqdır.
Cənab Prezident Kişinyov görüşündən bir neçə gün öncə Qarabağ ermənilərinin sonrakı taleyinə də aydınlıq gətirdi və re-inteqrasiyası üçün tələb olunan şərtləri bir daha açıqladı:
1) Qarabağdakı etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməli;
2) Xankəndində yaratdıqları saxta qurumlardan, yəni “parlament” və “prezident” adlandıqdıqları oyuncaq təsisatlardan imtina etməli;
3) Qarabağdakı qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz tərksilah olunmalı və ölkəmizi tərk etməli;
4) Qarabağ ermənilərinin re-inteqrasiya məsələlərini müzakirə etmək üçün iki dəfə Bakıya gəlmək dəvətindən imtina etməsi onların Azərbaycanın birgəyaşayış çağırışına əhəmiyyət verməməsindən xəbər verir və onlar bilməlidirlər ki, 3-cü dəfə belə bir dəvət olmayacaq.
Qarabağdakı erməni separatçıları və onların havadarları bu xəbərdarlıqdan ciddi nəticə çıxarsalar, bu onların faydasına olar. Çünki, tarix dəfələrlə sübut edib ki, Azərbaycan Prezidenti nəyi deyibsə, onu da mütləq həyata keçirib.

Şarl Mişel bu reallığı doğru qiymətləndirərək dünən verdiyi açıqlamada istifadə etdiyi “maksimalist mövqelərdən çəkinmək” lazımdır çağırışı hesab edirəm ki, ermənilərə ünvanlanmış mesajdır və ümid edirik ki, Kişinyov görüşündə vasitəçilər Azərbaycanın irəli sürdüyü haqlı tələblərin yerinə yetirilməsinə töhvə verməyə çalışacaqlar.
Əks təqdirdə bundan sonrakı hadisələlərə görə bütün məsuliyyət Ermənistanın üzərində qalacaq.

Mənbə: musavat.com

Xəbərlər